Bakı. Trend:
“SABAH.HUB” Azərbaycanda adambaşına düşən vençur maliyyələşməsinin həcmini əhəmiyyətli dərəcədə artırmağı hədəfləyir.
Bunu “SABAH.HUB”ın Baş icraçı direktoru Rəhim Bayramlı “SABAH.city” innovasiya şəhərciyində keçirilən “Baku ID 2026” innovasiya festivalı çərçivəsində Trend-ə özəl açıqlamasında bildirib.
Onun sözlərinə görə, Azərbaycanda vençur sərmayəsinin həcmi hələ də kifayət qədər deyil.
“Anlayırıq ki, Azərbaycanda hələ də kifayət qədər vençur sərmayəsi yoxdur. Bununla bağlı işləyirik, fondlarımızı böyüdürük, yeni fondlar yaradırıq və Azərbaycanda adambaşına düşən vençur maliyyələşməsini kəskin şəkildə artırmağı hədəfləyirik”, - deyə R.Bayramlı qeyd edib.
Baş icraçı direktor bildirib ki, “SABAH.HUB” innovasiya ekosisteminin inkişafına üç əsas istiqamətdə – insan kapitalının, infrastrukturun inkişafı və kapitalın daha əlçatan olması istiqamətlərində töhfə verir.
O qeyd edib ki, kapitalın daha əlçatan olması istiqamətində “SABAH Studio” layihəsi fəaliyyət göstərir. Layihə çərçivəsində “SABAH.HUB” bir sıra hallarda startap layihələrinə tərəfdaş kimi qoşulur və təsisçilərlə birgə onların inkişafına çalışır.
“Burada bir çox hallarda layihələrə şərik kimi daxil olur, təsisçilərlə çiyin-çiyinə çalışaraq yeni layihələr həyata keçirməyə səy göstəririk. Hazırda burada 10 layihəmiz var”, - deyə o bildirib.
R.Bayramlı əlavə edib ki, “SABAH.HUB” üçün Azərbaycan startapların inkişafı baxımından əsas bazardır. Startapların məhsullarını ilk növbədə daxili bazarda sınaqdan keçirməsi, daha sonra isə xarici bazarlara çıxması nəzərdə tutulur.
“Azərbaycan bizim üçün həmişə ev bazarıdır. Burada başla, burada məhsulunu yoxla, onun insanlara real olaraq lazım olub-olmadığını və fayda verdiyini anla. Bundan sonra ixrac, yəni yeni bazarlara çıxış mərhələsi gəlir”, - deyə Baş icraçı direktor vurğulayıb.
Onun sözlərinə görə, “SABAH.HUB”ın əsas maraq göstərdiyi xarici bazarlar Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələridir. Uzunmüddətli perspektivdə Yaxın Şərq və Şimali Afrika ölkələri də potensial bazarlar kimi nəzərdən keçirilir.
R.Bayramlı “SABAH.HUB”ın “Nexus” layihəsinin Azərbaycan startaplarının regional bazarlara çıxışına, eləcə də xarici startapların Azərbaycan bazarına daxil olmasına dəstək verdiyini bildirib.
““Nexus”un əsas məqsədi Azərbaycandakı startapların digər regional bazarlara çıxmasına dəstək göstərmək və digər bazarlardan Azərbaycana maraq göstərən şirkətlər üçün “soft landing”, yəni bazara rahat giriş platforması yaratmaqdır. Hazırda əsasən Gürcüstan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və digər ölkələrlə işləyirik”, - deyə o qeyd edib.
Baş icraçı direktor qarşıdakı dövrdə “SABAH.city” layihəsinin genişləndirilməsinin də əsas hədəflərdən biri olduğunu diqqətə çatdırıb.
“Bu gün biz yalnız birinci fazanın açılışını etdik. Bu faza 20 min kvadratmetr və 5 hektar ərazini əhatə edir. Ümumilikdə “SABAH.city” layihəsi 125 min kvadratmetr və 20 hektar ərazini əhatə edəcək. İstərdik ki, Azərbaycandakı ekosistemi burada cəmləşdirək və bütün regional körpüləri buradan yaradaq”, - deyə R.Bayramlı bildirib.
Qeyd edək ki, "SABAH.HUB" Azərbaycanın innovasiya və texnologiya ekosistemində fəaliyyət göstərən aparıcı inkubasiya, akselerasiya və innovasiya mərkəzidir. Mərkəzin əsas məqsədi startapları, innovativ layihələri və gənc sahibkarları dəstəkləmək, onların inkişafına şərait yaratmaq və ölkədə innovasiya mədəniyyətini təşviq etməkdir.
