Bakı. Trend:
Azərbaycan və Özbəkistan energetika sahəsində əməkdaşlığın genişləndirilməsinə dair 2026-2028-ci illər üzrə Yol Xəritəsi imzalayıb.
Bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov "X" hesabında paylaşım edib.
"Özbəkistanın energetika naziri Şerzod Xocayevlə görüşdə strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərimizin dinamik inkişafına uyğun olaraq enerji əməkdaşlığımızın yeni mərhələsini müzakirə etdik. “Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizi”nin inkişafı, neft-qaz, bərpa olunan enerji, enerji səmərəliliyi və investisiyalar üzrə tərəfdaşlığı dəyərləndirdik. Görüş çərçivəsində energetika sahəsində əməkdaşlığın genişləndirilməsinə dair 2026-2028-ci illər üzrə Yol Xəritəsini imzaladıq", - paylaşımda qeyd edilib.
Yeni Yol Xəritəsi Azərbaycan və Özbəkistan arasında energetika sahəsində əməkdaşlığın bir sıra istiqamətlər üzrə genişləndirilməsini nəzərdə tutur. Sənəddə "Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizi"nin inkişafı ilə yanaşı, neft-qaz, bərpa olunan enerji, enerji səmərəliliyi və investisiya sahələrində tərəfdaşlığın inkişaf etdirilməsi də əksini tapıb.
Azərbaycan və Özbəkistanın enerji sistemlərinin əlaqələndirilməsi də tərəflərin əməkdaşlıq gündəliyində mühüm yer tutur. Bu istiqamətdə Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında enerji əməkdaşlığının inkişaf etdirilməsi və regional enerji sistemlərinin əlaqələndirilməsi üzrə işlər davam etdirilir.
"Azərbaycan-Mərkəzi Asiya Yaşıl Enerji Dəhlizi" layihəsi çərçivəsində Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında əməkdaşlığın institusional bazası da yaradılıb. Ötən ilin iyul ayında "Azərenerji" ASC, "Qazaxıstan Elektrik Şəbəkəsi Əməliyyat Şirkəti" və "Özbəkistanın Milli Elektrik Şəbəkələri" ASC arasında "Yaşıl Dəhliz Birliyi" MMC yaradılıb.
Bu əməkdaşlıq Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında yaşıl enerjinin inkişafı və ötürülməsi üzrə strateji tərəfdaşlıq çərçivəsində həyata keçirilir. Üç ölkənin dövlət başçıları tərəfindən COP29 çərçivəsində yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş imzalanıb. Bununla yanaşı, Azərbaycan, Qazaxıstan, Özbəkistan və Səudiyyə Ərəbistanının energetika nazirlikləri arasında layihənin icrasına dair Proqram qəbul edilib.
Yol Xəritəsinin digər istiqamətlərini bərpa olunan enerji mənbələrinin inkişafı, enerji səmərəliliyinin artırılması və investisiya əməkdaşlığının genişləndirilməsi təşkil edir. Bu sahələr üzrə əməkdaşlığın inkişafı iki ölkənin enerji sektorunda mövcud əlaqələrin daha geniş çərçivədə davam etdirilməsinə imkan yaradır.
Azərbaycan və Özbəkistan arasında energetika sahəsində əməkdaşlığın yeni mərhələsinin 2026-2028-ci illəri əhatə edən Yol Xəritəsi ilə sistemləşdirilməsi tərəflərin enerji, yaşıl enerji və regional elektrik bağlantıları üzrə qarşılıqlı fəaliyyətinin davam etdirilməsi baxımından yeni çərçivə formalaşdırır.
