Bakı.Trend:
Cari ilin yanvar-avqust aylarında Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri ilə nəql olunan neftin həcmi 16,746 milyon ton təşkil edib.
Bu barədə Azərbaycan Dövlət Statistika Komitəsinin saytında dərc olunan hesabatda bildirilib.
Trend-in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 1,611 milyon ton və ya 8,8 faiz azdır.
Belə ki, 2025-ci ilin yanvar-avqust aylarında BTC ilə 18,357 milyon ton neft nəql edilib.
Ümumilikdə, hesabat dövründə BTC ilə nəql olunan neftin 81,9 faizini (13 milyon 717 min ton) Azərbaycanda hasil edilən neft, 18,1 faizini (3 milyon 28,5 min ton) isə Türkmənistan və Qazaxıstandan daxil olan neft təşkil edib.
bp-nin son məlumatlarına görə, 2006-cı ilin iyununda istismara verildiyi vaxtdan 2026-cı ilin iyunun sonunadək uzunluğu 1 768 kilometr olan neft kəməri ilə 4,7 milyard bareldən çox neft nəql edilib.
Hazırda kəmərlə əsasən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan hasil olunan neft və “Şahdəniz” yatağından çıxarılan kondensat nəql edilir. Bundan əlavə, kəmərlə Qazaxıstan və Türkmənistandan daxil olan xammal da daxil olmaqla, əlavə həcmdə Xəzər nefti və kondensatı, həmçinin SOCAR-ın Azərbaycanda hasil etdiyi digər neft həcmləri nəql olunmaqda davam edir.
BTC Co.-da iştirak paylarının bölgüsü aşağıdakı kimidir:
SOCAR – 32,97 faiz, bp – 30,10 faiz, MOL – 8,90 faiz, TPAO – 6,53 faiz, Eni – 5 faiz, TotalEnergies – 5 faiz, ITOCHU – 3,40 faiz, ONGC Videsh – 3,10 faiz, ExxonMobil – 2,50 faiz, INPEX – 2,50 faiz.
