Bakı. Trend:
Bu ilin yanvar-iyul aylarında Azərbaycandan Suriya Ərəb Respublikasına 247,119 milyon ABŞ dolları dəyərində 728,380 milyon kubmetr təbii qaz (qaz halında) ixrac edilib.
Bu barədə Dövlət Statistika Komitəsinin hesabatında bildirilir.
Ümumilikdə isə 2026-cı ilin yanvar-iyul aylarında Azərbaycandan 8 ölkəyə 4,882 milyard ABŞ dolları dəyərində 14,428 milyard kubmetr təbii qaz (qaz halında) ixrac edilib. Bu, keçən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 386,7 milyon ABŞ dolları və ya 7,3% az, həcm baxımından isə 18,019 milyon kubmetr və ya 0,12% çoxdur.
Bundan başqa, 2026-cı ilin ilk yeddi ayında Azərbaycan cəmisi bir ölkədən – İran İslam Respublikasından 13,001 milyon ABŞ dolları dəyərində 193,187 milyon kubmetr təbii qaz (qaz halında) idxal edib. Ötən ilin eyni dövründə isə Azərbaycan iki ölkədən – Rusiya və Türkmənistandan 33,982 milyon ABŞ dolları dəyərində 221,593 milyon kubmetr təbii qaz idxal etmişdi. Beləliklə, Azərbaycana təbii qaz idxalı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 20,981 milyon ABŞ dolları və ya 2,6 dəfə, həcm baxımından isə 28,406 milyon kubmetr və yaxud 12,8% azalıb.
2025-ci ilin iyulun 12-də Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl Şaraanın Azərbaycana işgüzar səfəri çərçivəsində SOCAR ilə Suriya Ərəb Respublikası Hökuməti arasında Anlaşma Memorandumu imzalanıb. Sənədi SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarov və Suriyanın energetika naziri Məhəmməd Əl Bəşir imzalayıblar.
İmzalanmış sənədə əsasən, təbii qazın nəqli üçün bütün texniki hazırlıqlar tamamlanıb. 2025-ci ilin avqustun 2-dən etibarən isə Azərbaycan qazının Türkiyə üzərindən Suriyaya ixracına start verilib. Layihənin ilk mərhələsində Suriyaya ildə 1,2 milyard kubmetr təbii qazın ixracı planlaşdırılır. Qaz Türkiyənin Kilis şəhəri vasitəsilə Hələb və Homsdakı elektrik stansiyalarına çatdırılır və elektrik enerjisi istehsalında istifadə olunur. Bu proses nəticəsində 1 200-1 300 meqavatlıq elektrik istehsalı gücünə nail olunması nəzərdə tutulur.
Azərbaycanın qaz ixracının genişləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Hazırda Azərbaycan qazı 16 ölkəyə ixrac olunur və ölkə boru kəmərləri vasitəsilə qaz təchizatı coğrafiyasına görə dünyada birinci yerdədir.
Türkiyə–Suriya təbii qaz boru kəmərinin açılış mərasimində çıxış edən Azərbaycanın iqtisadiyyat naziri, SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarov layihəni dörd ölkənin siyasi iradəsinin nəticəsi kimi qiymətləndirib. O bildirib ki, Azərbaycandan Suriyaya Türkiyə üzərindən təbii qaz ixracı birgə işin, birgə nəticənin aydın nümunəsidir.
Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar isə qeyd edib ki, yaradılmış infrastruktur ilk mərhələdə Suriyaya ildə 2 milyard kubmetrədək təbii qaz ixrac etməyə imkan verəcək.
Nazir vurğulayıb ki, Azərbaycandan gələn təbii qazın Kilis üzərindən Suriyaya ötürülməsi hesabına Suriyada təxminən 1 200 meqavat gücündə elektrik stansiyaları fəaliyyət göstərəcək və 5 milyon evin elektrik enerjisinə olan tələbatının ödənilməsinə töhfə veriləcək.
Suriyanın energetika naziri Məhəmməd Əl Bəşir də layihənin iki ölkə arasında əməkdaşlığın başlanğıcı olduğunu bildirib.
"Bu sonuncu layihə deyil. Bundan sonra da Azərbaycanla birlikdə daha böyük layihələrimiz olacaq. Azərbaycanla texniki əməkdaşlığın genişləndirilməsi və yeni investisiya layihələrinin həyata keçirilməsi barədə razılığa gəlmişik", – deyə nazir bildirib.
Qətər İnkişaf Fondunun rəhbəri Fəhad Həməd Əl-Sulaiti isə Trend-ə eksklüziv müsahibəsində Azərbaycanın layihədəki rolunu yüksək qiymətləndirib. Suriyaya ilk qaz tədarükünə başlandığını diqqətə çatdıran fond rəhbəri vueğulayıb ki, bu, Azərbaycan, Türkiyə və Qətərin uğurlu əməkdaşlığının nəticəsidir.
"Azərbaycanın bu prosesdəki rolunu yüksək qiymətləndiririk və bu tərəfdaşlığın gələcəkdə daha da genişlənməsini istəyirik", – deyə o bildirib.
