Xaçmaz rayonunda “Suverenliyimiz əbədidir” adlı tədbir keçirilib (FOTO)

Cəmiyyət Press-reliz 18 Sentyabr 2026 15:04 (UTC +04:00)
Xaçmaz rayonunda “Suverenliyimiz əbədidir” adlı tədbir keçirilib (FOTO)
Elvin Əhməd
Elvin Əhməd
Bütün xəbərlər

Bakı. Trend:

Xaçmaz rayonunda 20 Sentyabr – Dövlət Suverenliyi Günü münasibətilə “Suverenliyimiz əbədidir” adlı tədbir təşkil edilib. Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, dahi rəhbərin xatirəsini ehtiramla yad ediblər.

Daha sonra şagirdlərin dövlət suverenliyi və vətənpərvərlik mövzularında hazırladıqları əl işlərindən və rəsm əsərlərindən ibarət sərgiyə baxış keçirilib.

Tədbirin rəsmi hissəsində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin azadlığı, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev çıxış edərək 20 Sentyabr – Dövlət Suverenliyi Gününün tarixi əhəmiyyətindən danışıb. Qeyd edib ki, müstəqilliyimizin əldə edilməsi və qorunub saxlanılması yolunda Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətləri olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin suverenliyi tam bərpa edilib, dövlətimizin qüdrəti daha da artıb. İcra başçısı, həmçinin ölkəmizdə elan olunmuş “Şəhərsalma və Memarlıq İli” çərçivəsində respublikamızda, o cümlədən Xaçmaz rayonunda həyata keçirilən geniş abadlıq və quruculuq işlərindən, yaradılan yeni infrastruktur və sosial obyektlərdən bəhs edib.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı Sevil Mikayılova dövlət suverenliyinin xalqımızın azad iradəsinin və müstəqil inkişaf yolunun təməli olduğunu vurğulayıb. Millət vəkili qeyd edib ki, dövlət suverenliyimizin tam bərpası Azərbaycanın gələcək tərəqqisi və beynəlxalq aləmdə layiqli yer tutması üçün möhkəm zəmin yaradıb.

Tədbirdə Xaçmaz Rayon Ağsaqqallar Şurasının üzvü Abdulla Didarov, şəhid Tapdıq Xələfovun həyat yoldaşı Rəyanə Xələfova və Vətən müharibəsi iştirakçısı Ramil Səmədov çıxış ediblər. Natiqlər suverenliyimizin tam bərpa edilməsinə aparan tarixi yoldan, ölkə başçısının rəhbərliyi ilə qazanılmış şanlı Zəfərdən və bu yolda göstərilən qəhrəmanlıq və vətənpərvərlik nümunələrindən bəhs ediblər.

Daha sonra 20 Sentyabr – Dövlət Suverenliyi Gününə həsr olunmuş sənədli film nümayiş etdirilib.

Tədbir yerli mədəniyyət işçilərinin hazırladıqları geniş konsert proqramı ilə davam edib. Vətənpərvərlik və dövlətçilik ruhunda səsləndirilən mahnılar iştirakçılarda böyük ruh yüksəkliyi yaradıb.

Xəbər lenti

Xəbər lenti