Bakı.Trend:
Macarıstanda Peter Macyarın yeni qurduğu hökumət 2027-ci ilin oktyabrına qədər Rusiya qazından imtina etməyi planlaşdırır.
Bu barədə Macarıstanın iqtisadiyyat və energetika naziri İştvan Kapitan “Telex”ə verdiyi müsahibədə danışıb.
Macarıstanın gələn ilin oktyabrına qədər, Brüsselin tələb etdiyi kimi, Rusiyadan boru kəməri ilə qaz tədarükünü dayandırıb-dayandıra bilməyəcəyi ilə bağlı suala cavab verən Kapitan bildirib ki, bu məsələ ilə bağlı qonşu ölkələr, o cümlədən Rumıniya, eləcə də mayeləşdirilmiş təbii qaz (LNG) tədarük edən şirkətlərlə fəal danışıqlar aparılır. Onun sözlərinə görə, bunun üçün zəruri infrastruktur, yəni transsərhəd qaz kəmərləri də mövcuddur.
“Beləliklə, idxal marşrutlarının yaxşı infrastrukturu və müxtəlif mənbələrin mövcudluğu sayəsində gələn ilin oktyabrında Macarıstana qaz tədarükü təmin olunacaq. Vəziyyət hazırda gözlənildiyi kimi inkişaf edərsə, Macarıstanın qaz tələbatı digər mənbələr hesabına ödənilə bilər və ödəniləcək. Bununla belə, təbii ki, buna ehtiyac yaranıb-yaranmayacağını hələ görmək lazımdır, çünki hadisələrin gedişatını əvvəlcədən proqnozlaşdırmaq çətindir”, – deyə Macarıstan naziri bildirib.
