Bakı. Trend:
Pakistanda polis qüvvələri Xeybər-Paxtunxva əyalətinin Koxat
şəhərində məscid qarşısında terror hücumu həyata keçirməkdə şübhəli
bilinən 3 terrorçunu zərəsizləşdirib.
Bu barədə “Geo TV” telekanalı məlumat yayıb.
Yerli rəsmilərin bildirdiyinə görə, cümə namazı vaxtı içi partlayıcı materiallarla dolu olan avtomobil məscid yaxınlığında yerləşən “Old Police Lines” kompleksinə çırpılıb və partlayış baş verib. Məscidin divarlarından biri çöküb. Kiçik intervaldan sonra isə növbəti partlayış polis idarəsinin binasının qarşısında törədilib.
Son məlumata görə, terror hücumu nəticəsində 16 nəfər ölüb, onlardan 5-i polis əməkdaşıdır.
14:15
xxx
Pakistanın Xeybər-Paxtunxva əyalətində yerləşən məscidlərdən birinin qarşısında cümə namazı zamanı partlayış törədilib.
Bu barədə Pakistan KİV məlumat yayıb.
Terror hücumu nəticəsində azı 15 nəfər həlak olub, 50-dən çox insan müxtəlif dərəcəli xəsarətlər alıb.
Məscidin yerli polis şöbəsinin binasının yaxınlığında yerləşdiyi vurğulanır. Partlayış dalğasından məscidin divarlarından biri çöküb. Hadisə yerində xilasedicilər işləyir.
