Dünyanın tanınmış zəlzələ mühəndisləri AzMİU-da bir araya gələcək (FOTO)

Cəmiyyət Xəbər 18 Sentyabr 2026 12:25 (UTC +04:00)
Dünyanın tanınmış zəlzələ mühəndisləri AzMİU-da bir araya gələcək (FOTO)

Bakı. Trend:

Oktyabrın 2-də Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) ev sahibliyi ilə “Seysmik izolyasiya və enerji dissipasiyası tətbiqlərində son nailiyyətlər” mövzusunda beynəlxalq workshop keçiriləcək.

Tədbir seysmik izolyasiya və enerji dissipasiyası texnologiyaları sahəsində son elmi yeniliklərin, beynəlxalq təcrübənin və müasir mühəndislik yanaşmalarının müzakirəsinə həsr olunacaq.

Workshopun fəxri sədri AzMİU-nun rektoru, memarlıq doktoru, professor Gülçöhrə Məmmədova, sədri isə professor Azər Kasımazadədir.

Beynəlxalq tədbirdə Azərbaycanla yanaşı, Türkiyə, Yaponiya, İtaliya və Böyük Britaniyadan zəlzələ mühəndisliyi sahəsində tanınmış alim, tədqiqatçı və mütəxəssislər iştirak edəcəklər.

Workshop çərçivəsində seysmik izolyasiyanın tətbiq imkanlarının genişləndirilməsi, izolyasiya olunmuş binaların layihələndirilməsində seysmik təsirlərin nəzərə alınması, inklüziv seysmik dayanıqlılıq, seysmik izolyasiya sistemlərinin konstruktiv, memarlıq, mexaniki və elektrik sistemlərinə təsiri, mədəni irs obyektlərinin zəlzələdən qorunması, eləcə də yeni nəsil izolyasiya texnologiyaları ətrafında müzakirələr aparılacaq.

Tədbirin dəvətli məruzəçiləri sırasında professor Azər Kasımazadə, professor Mustafa Erdik, professor Akira Wada, professor Toru Takeuchi, professor Anastasios Sextos, professor Paolo Clemente, Dr. Bahadır Şadan və Dr. Cüneyt Tüzün yer alır.

Workshop çərçivəsində AzMİU-da yeni laboratoriyanın açılışı da nəzərdə tutulub. Universitetin Zəlzələ Mühəndisliyi Elmi-Tədqiqat Mərkəzinin nəzdində yaradılan “Strateji əhəmiyyətli binaların və qurğuların monitorinqi və qiymətləndirilməsi laboratoriyası”nın açılış mərasimi keçiriləcək. Bu laboratoriya bp-nin dəstəyi ilə yaradılmışdır.

Yeni laboratoriyanın fəaliyyəti strateji əhəmiyyətli bina və qurğuların mövcud vəziyyətinin müasir metodlarla monitorinqi və qiymətləndirilməsi, zəlzələ risklərinin öyrənilməsi, elmi tədqiqatların aparılması və bu istiqamətdə mütəxəssis hazırlığının gücləndirilməsinə xidmət edəcək.

Beynəlxalq workshopun əsas məqsədi seysmik izolyasiya və enerji dissipasiyası texnologiyaları üzrə aktual elmi nailiyyətləri və qabaqcıl beynəlxalq təcrübəni bölüşmək, alim və mühəndislər arasında əməkdaşlığı genişləndirmək, elmi tədqiqatlarla praktiki mühəndislik fəaliyyəti arasında əlaqələri gücləndirməkdir.

Tədbirin zəlzələ və tikinti mühəndisliyi, seysmik izolyasiya və enerji dissipasiyası sistemləri, tikililərin monitorinqi və qiymətləndirilməsi, mədəni irsin qorunması və fəlakət risklərinin azaldılması istiqamətlərində çalışan mütəxəssislər üçün mühüm elmi və peşəkar müzakirə platformasına çevrilməsi nəzərdə tutulur.

Workshop haqqında ətraflı məlumat tədbirin rəsmi internet səhifəsindən əldə edə bilərsiniz: LİNK

Xəbər lenti

Xəbər lenti