Bakı. Trend:
Azərbaycanda bank sektorunun cəlb etdiyi vəsaitlərin kreditləşməyə yönəldilən hissəsi son üç ildə 62 faizdən təxminən 70 faizə yüksəlib.
Trend-in tədbirdəki müxbirinin məlumatına görə, bunu "PAŞA Bank"ın İdarə Heyəti sədrinin müavini Bəhruz Nağıyev bankın 2026-cı ilin ilk 6 ayı üzrə fəaliyyətinin nəticələrinə həsr olunmuş mətbuat konfransında deyib.
B.Nağıyev bildirib ki, bank sektorunun əsas funksiyalarından biri cəlb etdiyi vəsaitləri iqtisadiyyatın maliyyələşdirilməsinə yönəltməkdir.
"Burada çox mühüm məqam ondan ibarətdir ki, biz bank sektoru olaraq cəlb etdiyimiz vəsaitləri kreditləşməyə yönəldirikmi, yoxsa yox? Yönəltdiyimiz halda artan iqtisadi fəallıqdan danışa bilərik", - deyə o qeyd edib.
Onun sözlərinə görə, son illərdə bu istiqamətdə müsbət dinamika müşahidə olunur.
"Əgər üç illik müqayisəyə baxsaq, əvvəllər bizim cəlb etdiyimiz vəsaitlərin təxminən 62 faizi kreditləşməyə gedirdi. Bu gün həmin rəqəm artıq 70 faiz ətrafındadır", - B.Nağıyev bildirib.
Bank rəsmisi hesab edir ki, bu göstəricinin daha da yüksəldilməsi mümkündür.
"Düşünürəm ki, bu rəqəmlər daha da artmalıdır. Daha fəal olmalıyıq, çalışmalıyıq ki, daha çox maliyyələşmələr təmin edilsin", - deyə o vurğulayıb.
B.Nağıyev qeyd edib ki, iqtisadiyyatın maliyyələşdirilməsinin genişlənməsi yalnız bank sektorunun fəaliyyətindən asılı deyil. Onun sözlərinə görə, iqtisadiyyatın müxtəlif sahələrində həyata keçirilən islahatlar da maliyyələşmənin nəticələrinə təsir göstərir.
"Təbii ki, burada yalnız bank sektorundan asılılıq yoxdur. İqtisadiyyatın hər bir sektorunda islahatlar davam etməlidir ki, bu maliyyələşmələr də özünü əks etdirsin", - deyə sədr müavini bildirib.
O, kreditləşmənin iqtisadi fəallığın qiymətləndirilməsi baxımından mühüm göstəricilərdən biri olduğunu da diqqətə çatdırıb.
"Əgər iqtisadi fəallıqdan danışırıqsa, kreditləşmə rəqəmlərinə diqqət yetirməliyik. Bunlar əsas göstəricilərdir", - B.Nağıyev əlavə edib.
Qeyd edək ki, "PAŞA Bank"ın 2026-cı ilin ilk yarısında cəmi aktivləri 9,98 mlrd. manat, kredit portfeli 4,08 mlrd. manat, depozit portfeli 7,75 mlrd. manat, kapitalı isə 1,01 mlrd. manat təşkil edib.
