Bakı. Trend:
"PAŞA Bank" bu ilin oktyabr ayında səhmdarlarına təkrar dividend ödənişi həyata keçirməyi nəzərdə tutur.
Trend-in tədbirdəki müxbirinin verdiyi məlumata görə, bunu “PAŞA Bank”ın İdarə Heyətinin üzvü, Baş Maliyyə İnzibatçısı Murad Süleymanov bankın 2026-cı ilin ilk 6 ayı üzrə fəaliyyətinin nəticələrinə həsr olunmuş mətbuat konfransında bildirib.
M.Süleymanov qeyd edib ki, bankın kapitallaşma və adekvatlıq göstəriciləri requlyativ tələbləri əhəmiyyətli dərəcədə üstələyir:
"Maliyyələşmənin əsas adekvatlıq göstəricilərinə gəldikdə, Kapital Adekvatlığı üzrə minimal 12%-lik tələb fоnunda "PAŞA Bank"da bu göstərici 20%-ə çatır. Bu, adekvatlıq baxımından mühüm göstəricidir və bank üzrə gözləntilərin, eləcə də requlyasiyaların çox üstündədir. Həmçinin, likvidlik normativi 100% minimal tələbə qarşı 6 ayın sonuna 300%-dən yuxarı olmuşdur. Ani likvidlik göstəricisi isə tələb olunan 30% əvəzinə 47%-dən çox təşkil edib".
O, bankın tarixində ilk dəfə olaraq kapitalın həcminin 1 milyard manatlıq həddi keçdiyini vurğulayıb:
"Kapital göstəricisinə gəldikdə, "PAŞA Bank"ın tarixində ilk dəfədir ki, kapitalın həcmi 1 milyard manatı ötüb və 6 ayın nəticələrinə görə bu səviyyənin üzərində qərarlaşıb".
M.Süleymanov divident siyasəti və səhmdarlara edilən ödənişlər barədə də ətraflı məlumat verib:
"Kapitalizasiya və dividend siyasətimizə əsasən, təxminən minimum 30-40% intervalında dividend ödəmək imkanımız var. Hətta ötdüyümüz ilin nəticələrinə görə bu il 120 milyon manatlıq (təxminən 60%-ə yaxın) dividend ödənişini reallaşdırdıq. Səhmdarların Ümumi Yığıncağının iyun ayındakı qərarı ilə 170 milyon manatlıq nizamnamə kapitalının artırılması qərara alındı. İyulun 28-i tarixində reallaşan ikinci tiraj çərçivəsində hər səhmə təxminən 2 886 manat ödəniş edildi. Bu ilin ikinci yarısında isə aksiya artımının ikinci mərhələsi olaraq hər səhm üzrə yenidən təxminən 2 886 manat həcmində dividend ödənilməsini gözləyirik".
Bank rəsmisinin sözlərinə görə, cari ilin ilk 6 ayının nəticələrinə əsasən hər səhm üzrə təxminən 50 manat mənfəət formalaşıb və səhmdar kapitalı yarımillik dövrdə təxminən 10% xalis gəlirlilik nümayiş etdirib.
