Bakı. Trend:
İran qarşı tərəfin İslamabad anlaşma memorandumuna qayıtmasını istəyir.
İranın Daxili İşlər Nazirliyinin məlumatına görə, bunu nazirliyin mətbuat katibi Əli Zeynivənd bu gün (19 sentyabr) Tehranda keçirilən mətbuat konfransında deyib.
“Qarşı tərəfin İslamabad anlaşma memorandumuna qayıtması üçün diplomatik səylər davam etməkdədir”, -deyə o bildirib.
Zeynivənd əlavə edib ki, müxtəlif ölkələr İran və ABŞ arasında diplomatik addımlar üçün çalışırlar.
“İran tərəfi açıq-aydın bəyan edir ki, qarşı tərəf özü imzaladığı anlaşma memorandumuna qayıtsın. İslamabad anlaşma memorandumu ilə əlaqədar İran daxilində müxtəlif anlaşılmazlıqlar olsa da, bu, İran dövlətinin qəbul etdiyi qərardır və İranın Ali Lideri Seyid Müctəba Xamenei və Ali Milli Təhlükəsizlik Şurası bu memorandumu təsdiqləyiblər”, -deyə o qeyd edib.
Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə əlaqədar konkret nəticələr əldə olunmadığına görə, 28 fevralda ABŞ və İsrail İrana qarşı hərbi hava hücumlarına başlayıb və İran da həmin gündən İsraili və ABŞ-nin regiondakı obyektlərini raket və PUA ilə atəşə tutub. Pakistanın vasitəçiliyi ilə tərəflər arasında 7 apreldə atəşkəs razılaşması əldə olunub.
18 iyunda İran və ABŞ arasında sülh memorandumu imzalanıb. Memorandumu İran prezidenti Məsud Pezeşkian və ABŞ prezidenti Donald Tramp imzalayıblar. 19 iyundan sözügedən memorandum qüvvəyə minib.
Xatırladaq ki, ABŞ-İran münasibətlərində növbəti gərginlik iyulun 8-də başlayıb. Həmin gün ABŞ Silahlı Qüvvələri Vaşinqton və Tehran arasında imzalanmış memorandumdan sonra ilk dəfə Hörmüz boğazında ticarət gəmisinə hücuma cavab olduğu iddiası ilə İran ərazisinə silsilə zərbələr endirib. Elə həmin gün ABŞ Prezidenti Donald Tramp İranla atəşkəs rejiminin dayandırıldığını bəyan edib. Buna cavab olaraq Tehran Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Oman ərazisində yerləşən ABŞ obyektlərinə zərbələr endirməyə başlayıb.
