Bakı.Trend:
Azərbaycan Bəstəkarlar İttifaqında bəstəkarların, ifaçıların, musiqişünasların və türk dövlətlərinin musiqi təşkilatlarının peşəkar əməkdaşlığı üçün yeni beynəlxalq platformaya çevrilməsi nəzərdə tutulan Türk Dünyası Bəstəkarlarının I Qurultayının təntənəli açılış mərasimi keçirilib.
Türk Dünyası Bəstəkarlarının I Qurultayı Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyi tərəfindən təşkil olunan Üzeyir Hacıbəyli adına XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində 18–20 sentyabr tarixlərində keçirilir.
Qurultayın təşkilatçıları Azərbaycan Mədəniyyət Nazirliyi və Türk Mədəniyyəti və İrsi Fondu, tərəfdaşları isə ICESCO-nun Bakı Regional Ofisi, Azərbaycan Bəstəkarlar İttifaqı və Azərbaycan Milli Konservatoriyasıdır.
Qurultay I Türkoloji Qurultayın 100 illiyinə, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 885 illiyinə və görkəmli özbək şairi Əlişir Nəvainin 585 illiyinə həsr olunub. Tədbirdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan, Macarıstan və Türkmənistanın musiqi ictimaiyyətinin nümayəndələri iştirak edirlər.
Qurultayın əsas məqsədi Türk Dünyasının vahid musiqi məkanının formalaşdırılması və musiqi sahəsinin nümayəndələri arasında peşəkar əlaqələrin möhkəmləndirilməsidir. Tədbir çərçivəsində ortaq musiqi irsinin qorunması və inkişafı, müasir bəstəkarlıq məktəblərinə dəstək, birgə musiqi əsərlərinin yaradılması, yaradıcılıq və akademik mübadilələrin inkişafı, eləcə də Türk Dünyası musiqisinin beynəlxalq səhnədə təbliği məsələləri müzakirə olunur.
Qurultayın üçgünlük proqramına iclaslar, görüşlər, elmi müzakirələr, beynəlxalq dəyirmi masa, tematik sərgilər, həmçinin simfonik, kamera və ənənəvi musiqi konsertləri daxildir.
Qurultayın mühüm nəticələrindən biri Türk Dünyası Bəstəkarlar İttifaqının – "Turkic Union of Composers" (TUC) yaradılması olacaq. Yeni qurumun Türk Dünyası ölkələrinin bəstəkarlarını, musiqişünaslarını, ifaçılarını və aparıcı musiqi təşkilatlarının nümayəndələrini birləşdirməsi nəzərdə tutulur.
Türk Dünyası Bəstəkarlar İttifaqının ilk rəsmi iclası bu gün Bakıda Türk Mədəniyyəti və İrsi Fondunun qərargahında keçiriləcək. İclas çərçivəsində TUC-un yaradılması haqqında Bakı Bəyannaməsinin imzalanması və yeni beynəlxalq peşəkar təşkilatın nizamnamə layihəsinin müzakirəsi planlaşdırılır.
İttifaqın fəaliyyətinin prioritet istiqamətləri ortaq musiqi irsinin qorunması və inkişafı, müasir bəstəkarlıq məktəblərinə dəstək, yaradıcılıq və akademik mübadilələrin təşviqi, birgə musiqi layihələrinin yaradılması və Türk Dünyası musiqisinin beynəlxalq arenada təbliği olacaq.
Açılış mərasimində Azərbaycan mədəniyyət nazirinin müavini, Xalq artisti Murad Hüseynov, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti, Qazaxıstan Respublikasının Əməkdar xadimi, professor, sənətşünaslıq doktoru, bəstəkar, Qazaxıstan Bəstəkarlar İttifaqının üzvü Aktotı Raimkulova, ICESCO-nun Azərbaycandakı Regional Ofisinin direktoru Əbdülhəkim Əl-Sənan, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Azərbaycanın Xalq artisti, bəstəkar, professor Firəngiz Əlizadə, Qazaxıstan Bəstəkarlar Assosiasiyasının sədri, “Kürmet” ordeninin kavalyeri, bəstəkar və pedaqoq Artık Toksanbayev, Abdılas Maldıbayev adına Milli Akademik Opera və Balet Teatrının baş dirijoru, Qırğızıstan Respublikasının Xalq artisti, professor, bəstəkar Muratbek Beqaliev, İstanbul Universiteti Dövlət Konservatoriyasının Musiqişünaslıq kafedrasının müdiri, professor, musiqişünas Abdullah Akat, Özbəkistan Bəstəkarlar və Bastakorlar İttifaqının sədri, Özbəkistan Respublikasının Əməkdar incəsənət xadimi Rüstəm Abdullayev, Türkmənistanın Əməkdar incəsənət xadimi, bəstəkar və dirijor Rövşən Nepesov, həmçinin tanınmış musiqişünas-tədqiqatçı, multiinstrumentalist və bəstəkar Şandor Sabo (Macarıstan) çıxış ediblər. Tədbirin moderatoru mədəniyyət nazirinin müşaviri Cahangir Səlimxanov olub.
Türk Dünyası Bəstəkarlarının I Qurultayı Bakıda müxtəlif ölkələrin musiqi ictimaiyyətinin nümayəndələrini bir araya gətirən, beynəlxalq mədəni və peşəkar əməkdaşlıq üçün yeni imkanlar yaradan XVIII Üzeyir Hacıbəyli adına Beynəlxalq Musiqi Festivalının zəngin proqramının bir hissəsidir.
