Almaniya yanacaq qiymətlərinin azaldılması üçün ikimərhələli paket hazırlayır

Dünya xəbərləri Xəbər 18 Sentyabr 2026 22:21 (UTC +04:00)
Almaniya yanacaq qiymətlərinin azaldılması üçün ikimərhələli paket hazırlayır

Bakı. Trend:

Almaniya hökuməti yüksək yanacaq qiymətlərinin yaratdığı yükü azaltmaq üçün yanacaq güzəşti və qiymət tavanından ibarət ikimərhələli paket hazırlayır.

“Spiegel” və “Bild” nəşrlərinin məlumatında paketin açıqlanmasının tezliklə gözlənildiyi, lakin bəzi detallar üzrə danışıqların hələ davam etdiyi bildirilib. “Bild”in məlumatına görə, ilk mərhələdə yanacağa tətbiq olunan enerji vergisi hər litr üçün 14 sent azaldılacaq. ƏDV-nin də azalması nəzərə alınmaqla, yanacağın litrinin təxminən 17 sent ucuzlaşması gözlənilir. Tədbirin mümkün qədər oktyabrın 1-dən qüvvəyə minməsi planlaşdırılır.

İkinci mərhələdə isə benzin və dizel üçün neft qiymətlərinin dinamikasına uyğun qiymət üçün yüksək həddin tətbiqi nəzərdə tutulur. Bu mexanizmin ən geci yanvarın 1-dən qüvvəyə minməsi planlaşdırılır. Qiymət həddinin hansı səviyyədə və hansı qaydada tətbiq ediləcəyi isə hələ dəqiqləşdirilməyib. Məlumata görə, paketin maliyyələşdirilməsi ilə bağlı federal torpaqlarla da danışıqlar aparılır və onların xərclərin bir hissəsini üzərinə götürməsi nəzərdə tutulur.

Qeyd edək ki, Avropa İttifaqında yanacaq qiymətlərinin artımı fərqli səviyyələrdə müşahidə olunur və bu, əsasən yanacağa tətbiq olunan vergi və rüsumların müxtəlifliyi ilə bağlıdır. “Deutche Welle”nin məlumatına görə, Almaniyada sentyabrın 14-nə olan məlumata əsasən, benzinin litri 2,36 avro təşkil edib ki, bu da ölkəni Aİ-də yanacağın nisbətən baha olduğu dövlətlər sırasına daxil edir. Bununla yanaşı, 2025-ci illə müqayisədə Almaniyada benzinin qiyməti 37 faiz, dizelin qiyməti isə 54 faiz artıb.

Xəbər lenti

Xəbər lenti