Neftçalada 5 milyon manata yaxın dəyəri olan əmlak kompleksi özəlləşdirməyə çıxarılır

İqtisadiyyat Xəbər 18 Sentyabr 2026 17:29 (UTC +04:00)
Neftçalada 5 milyon manata yaxın dəyəri olan əmlak kompleksi özəlləşdirməyə çıxarılır
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Neftçala rayonunda ümumi qiyməti təxminən 5 milyon manat olan əmlak kompleksi özəlləşdirməyə çıxarılır.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Neftçala rayonunun Sübh kəndi ərazisində yerləşən əmlak kompleksi kimi müəssisənin satışı üzrə investisiya müsabiqəsi elan edib.

Məlumata görə, əmlak kompleksinin ümumi qiyməti 4 milyon 946 min 213 manat təşkil edir.

Müsabiqədə iştirak etmək istəyən iddiaçılar investisiya qoyuluşlarının istiqamətləri, məbləği və müddətini əks etdirən, ümumi həcmi 8,5 milyon manatdan az olmayan investisiya proqramı təqdim etməlidirlər.

Müsabiqənin şərtlərinə əsasən, investor tərəfindən müəssisədə ən azı 100 iş yerinin yaradılması da nəzərdə tutulmalıdır.

Müsabiqənin qalibi nəticələr haqqında protokolun təsdiq edildiyi tarixdən etibarən 30 gün ərzində əmlak kompleksinin alqı-satqı müqaviləsini imzalamalıdır. Qalib müqavilədə razılaşdırılacaq müddətdə təklif etdiyi və 2 milyon manatdan az olmayan pul vəsaitini dövlət büdcəsinə köçürməli, həmçinin müqavilə ilə müəyyən edilən digər şərt və öhdəlikləri yerinə yetirməlidir.

İnvestisiya müsabiqəsində Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri ilə yanaşı, xarici investorlar da iştirak edə bilərlər.

İddiaçıların ərizə və təklifləri oktyabrın 19-dək, həmin tarix də daxil olmaqla, iş günləri saat 10:00-dan 17:30-dək Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 139 ünvanında yerləşən inzibati binasında qəbul ediləcək.

Müsabiqə təkliflərinin qiymətləndirilməsi oktyabrın 21-də saat 15:00-dan etibarən Xidmətin inzibati binasında həyata keçiriləcək.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti