Bakı. Trend:
İranın İsfahan vilayətində hərbi obyektlərin məlumatını İsrailin xarici kəşfiyyat xidmətinə (Mossad) ötürmək ittihamı ilə Hüseyn Pedran edam edilib.
Bu barədə İranın Məhkəmə Sisteminin Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, sözügedən şəxs casusluq və israilin xeyrinə kəşfiyyat əməkdaşlığı etdiyinə görə, saxlanılıb və mühakimə edilib.
Qeyd olunub ki, ötən ilin iyun ayında ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi 12 günlük hərbi hücum, həmçinin bu il fevralın 28-dən başlayan hərbi hücumlar zamanı İranın bəzi mühüm hərbi obyektləri vurulub. Müəyyən edilib ki, bəzi obyektlər ölkə daxilindəki bir qrup şəxsin əməkdaşlığı nəticəsində hədəfə alınıb.
İranın Məhkəmə Sistemi edam edilmiş şəxsin etirafına əsasən bildirib ki, H.Pedran gəlir əldə etmək məqsədilə özünü ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsinə İranda hərbi dairələrlə əlaqəsi olan və əməkdaşlıq etməyə maraqlı şəxs kimi təqdim edib. Lakin heç bir cavab almadıqdan sonra İsrailin xarici kəşfiyyat xidmətinə (Mossad) müraciət edərək əməkdaşlığa hazır olduğunu bildirib.
Qeyd edək ki, ötən il baş vermiş 12 günlük müharibə, həmçinin bu il fevralın 28-dən etibarən ABŞ və İsrailin İrana endirdiyi hava zərbələri nəticəsində hərbi və nüvə obyektlərinə ciddi ziyan dəyib.
