Bakı. Trend:
İran və Pakistan xarici işlər nazirləri regiondakı son proseslər haqda fikir mübadiləsi aparıblar.
Bu barədə İran Xarici İşlər Nazirliyi məlumat yayıb.
“İran xarici işlər naziri Seyid Abbas Əraqçi və Pakistan baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar bu gün telefon söhbəti aparıblar. Telefon söhbətində iki ölkənin marağında olan məsələlər və region proseslərinin son vəziyyəti haqda məsləhətləşmə və fikir mübadiləsi aparılıb", - deyə məlumatda bildirilib.
Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə əlaqədar konkret nəticələr əldə olunmadığına görə, 28 fevralda ABŞ və İsrail İrana qarşı hərbi hava hücumlarına başlayıb və İran da həmin gündən İsraili və ABŞ-nin regiondakı obyektlərini raket və PUA ilə atəşə tutub. Pakistanın vasitəçiliyi ilə tərəflər arasında 7 apreldə atəşkəs razılaşması əldə olunub.
18 iyunda İran və ABŞ arasında sülh memorandumu imzalanıb. Memorandumu İran prezidenti Məsud Pezeşkian və ABŞ prezidenti Donald Tramp imzalayıblar. 19 iyundan sözügedən memorandum qüvvəyə minib.
Xatırladaq ki, ABŞ-İran münasibətlərində növbəti gərginlik iyulun 8-də başlayıb. Həmin gün ABŞ Silahlı Qüvvələri Vaşinqton və Tehran arasında imzalanmış memorandumdan sonra ilk dəfə Hörmüz boğazında ticarət gəmisinə hücuma cavab olduğu iddiası ilə İran ərazisinə silsilə zərbələr endirib. Elə həmin gün ABŞ Prezidenti Donald Tramp İranla atəşkəs rejiminin dayandırıldığını bəyan edib. Buna cavab olaraq Tehran Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Oman ərazisində yerləşən ABŞ obyektlərinə zərbələr endirməyə başlayıb.
