Dövlət Suverenliyi Günü müstəqilliyimizin təntənəsidir

Siyasət Xəbər 19 Sentyabr 2026 17:30 (UTC +04:00)
Dövlət Suverenliyi Günü müstəqilliyimizin təntənəsidir

Bakı. Trend:

Azərbaycan tarixinin son illərində baş verən hadisələr xalqımızın dövlətçilik salnaməsinə mühüm və əlamətdar səhifələr yazıb. 20 Sentyabr – Dövlət Suverenliyi Gününün təsis edilməsi də məhz bu tarixi mərhələnin məntiqi nəticəsidir. Bu gün Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunmasını ifadə edən mühüm dövlətçilik rəmzlərindən biridir.

Müstəqil dövlət üçün suverenlik yalnız ərazi üzərində hakimiyyət məsələsi deyil. Suverenlik dövlətin öz ərazisində tam və müstəqil şəkildə qərarlar qəbul etməsi, milli maraqlarını qoruması, qanunun aliliyini təmin etməsi və gələcəyini özü müəyyənləşdirməsi deməkdir. Bu baxımdan Azərbaycanın dövlət suverenliyinin tam bərpası uzun illər ərzində qarşıya qoyulmuş əsas milli məqsədlərdən birinin reallaşması kimi xüsusi əhəmiyyət daşıyır.

1990-cı illərin əvvəllərindən başlayaraq Azərbaycanın qarşılaşdığı ən ciddi problemlərdən biri ərazilərinin işğalı və ölkənin ərazi bütövlüyünün pozulması idi. Uzun illər davam edən işğal nəticəsində yüz minlərlə insan doğma yurdlarından didərgin düşüb, şəhər və kəndlərimiz dağıdılıb, tarixi və mədəni irsimizə ciddi ziyan vurulub. Azərbaycan dövləti bütün bu illər ərzində beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq öz ərazi bütövlüyünün bərpasına çalışıb.

2020-ci il Vətən müharibəsi Azərbaycanın hərbi-siyasi tarixində dönüş nöqtəsi oldu. 44 gün davam edən müharibə nəticəsində torpaqlarımızın böyük hissəsi işğaldan azad edildi. 8 noyabr – Şuşanın azad olunması Azərbaycanın hərbi-siyasi qələbəsinin mühüm simvoluna çevrildi. Daha sonra həyata keçirilən siyasi və diplomatik proseslər ölkənin ərazi bütövlüyünün və suverenliyinin tam bərpası istiqamətində yeni mərhələ yaratdı.

2023-cü il sentyabrın 19-da başlayan lokal xarakterli antiterror tədbirlərinin nəticələri isə Azərbaycanın bütün ərazisində dövlət suverenliyinin təmin olunması baxımından həlledici əhəmiyyət daşıdı. Sentyabrın 20-də Azərbaycan Ordusunun qarşıya qoyulan vəzifələri yerinə yetirməsi ilə ölkənin suverenliyi bütün ərazi boyunca tam bərpa edildi. Məhz bu tarixi hadisənin ildönümünün Dövlət Suverenliyi Günü kimi qeyd olunması Azərbaycan dövlətçiliyinin müasir tarixində xüsusi məna daşıyır.

Bu tarix həm də Azərbaycanın qarşısında yeni imkanlar açan mərhələnin başlanğıcıdır. Artıq əsas diqqət işğaldan azad edilmiş ərazilərin bərpasına, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təmin edilməsinə və həmin ərazilərin ölkənin iqtisadi, sosial və mədəni həyatına yenidən inteqrasiyasına yönəlib. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı quruculuq işləri Azərbaycanın öz resursları hesabına gələcəyini formalaşdırmaq əzmini nümayiş etdirir.

Dövlət Suverenliyi Günü eyni zamanda milli həmrəyliyin və dövlətçilik düşüncəsinin əhəmiyyətini bir daha xatırladır. Azərbaycanın əldə etdiyi nəticələr göstərir ki, dövlətin gücü yalnız hərbi imkanlarla ölçülmür. Güclü iqtisadiyyat, sabit siyasi sistem, milli birlik, peşəkar ordu və ardıcıl xarici siyasət dövlət suverenliyinin mühüm dayaqlarıdır.

20 Sentyabr həm keçmişin qiymətləndirilməsi, həm də gələcəyə baxış günüdür. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası qarşıya yeni vəzifələr qoyur. Qarşıdakı mərhələnin əsas məqsədlərindən biri əldə edilmiş tarixi nəticələri davamlı sülh, inkişaf və rifah üçün möhkəm təmələ çevirməkdir.

Dövlət Suverenliyi Günü Azərbaycan xalqının dövlətçilik iradəsini, milli birliyini və müstəqil dövlət quruculuğuna bağlılığını ifadə edən əlamətdar tarixdir. Bu günün əsas mesajlarından biri də budur ki, suverenliyə sahib olmaq qədər onu qorumaq və gələcək nəsillərə daha güclü şəkildə ötürmək də mühüm vəzifədir.

20 Sentyabr Azərbaycan dövlətinin öz ərazisində tam suverenliyini təmin etdiyi tarixi gün kimi yaddaşlarda qalacaq. Bu tarix müstəqilliyin, dövlətçiliyin və milli iradənin əhəmiyyətini bir daha nümayiş etdirir və Azərbaycanın gələcəyə inamla addımlamasının mühüm rəmzlərindən birinə çevrilir.

Əminə Ağazadə
Milli Məclisin deputatı

Xəbər lenti

Xəbər lenti