Bakı. Trend:
Bakı şəhərinin Nizami rayonunda doqquzmərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində yerləşən mənzildə yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, “112” qaynar telefon xəttinə C. Naxçıvanski küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub:
"Dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin həyata keçirdiyi zəruri və təxirəsalınmaz tədbirlər sayəsində vətəndaşa məxsus mənzildə baş vermiş yanğının genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülməsi təmin edilib.
Yanğın nəticəsində ümumi sahəsi 95 kvadratmetr olan dördotaqlı mənzilin mətbəxinin və eyvanının yanar konstruksiyaları 15 kvadratmetr sahədə yanıb.
Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
Hadisə nəticəsində xəsarət alan olmayıb".
