Mərkəzi Bank bu həftə uçot dərəcəsi ilə bağlı növbəti qərarını açıqlayacaq

İqtisadiyyat Press-reliz 21 Sentyabr 2026 09:18 (UTC +04:00)
Mərkəzi Bank bu həftə uçot dərəcəsi ilə bağlı növbəti qərarını açıqlayacaq
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərar barədə məlumat 2026-cı il sentyabr ayının 23-də ictimaiyyətə açıqlanacaq.

Bu barədə AMB məlumat yayıb.

Bildirilib ki, cari ilin qalan dövründə də faiz dəhlizinə dair qərarlar inflyasiya proqnozu və makroiqtisadi göstəricilərin dinamikası nəzərə alınmaqla veriləcək.

"Qlobal mühitdəki qeyri-müəyyənlikləri nəzərə alaraq makroiqtisadi göstəricilərin bir neçə ssenaridə proqnozları nəzərdən keçiriləcəkdir. Faiz dəhlizinin parametrləri ilə bağlı qərarlar verilərkən valyuta bazarında gedən proseslər və bank sektorunda likvidliyin dinamikası da nəzərə alınacaqdır. O cümlədən qərarlar verilərkən manatın məzənnəsi üzərində möhkəmlənmə təzyiqlərinin davamlılığı və valyuta artıqlığının miqyası da diqqətdə saxlanılacaqdır", - məlumatda bildirilib.

Qeyd edək ki, iyulun 31-də Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə faiz dəhlizinin bütün parametrləri dəyişməz saxlanılıb. Belə ki, uçot dərəcəsi 6,5% səviyyəsində saxlanılıb. Faiz dəhlizinin aşağı həddi 5,5%, yuxarı həddi isə 7,5% səviyyəsində müəyyən edilib.

Niderlandın ING bank qrupunun analitikləri də AMB-nin qarşıdakı iclasında uçot dərəcəsini 6,5% səviyyəsində dəyişməz saxlayacağını gözləyirlər. ING-nin analitik icmalında qeyd olunub ki, Azərbaycanda cari inflyasiya 5,6–5,8% səviyyəsində sabitləşib və bu göstərici AMB-nin 4% ± 2% hədəf diapazonu daxilindədir.

Bununla yanaşı, ING analitikləri qlobal və regional səviyyədə inflyasiya və faiz dərəcələrinin artması fonunda AMB-nin növbəti açıqlamalarında inflyasiya risklərinə daha çox diqqət yetirə biləcəyini bildiriblər. Bank tənzimləyicinin gələcək pul-kredit siyasəti ilə bağlı daha sərt siqnallar verə biləcəyini də istisna etmir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti