Bakı.Trend:
Ermənistan və Rusiya arasında münasibətlərin dəyişməsi labüddür və bu dəyişikliklər konkret şəxs və ya siyasi qüvvə ilə bağlı deyil.
Ermənistan KİV-ə görə, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.
“Rusiya ilə münasibətlərimiz labüd olaraq dəyişəcək. Bu, hər hansı şəxslə və ya siyasi qüvvə ilə bağlı deyil. Kim olmasından asılı olmayaraq, Ermənistan və Rusiya münasibətləri əvvəlki kimi olmayacaq”, - deyə Paşinyan “Bun TV” kanalının efirində bildirib.
Paşinyan Moskva ilə münasibətlərdə gözlənilən transformasiyanı Ermənistan ətrafındakı vəziyyətin dəyişməsi ilə əlaqələndirib. Onun sözlərinə görə, münasibətlərin əvvəlki formatı münaqişə şəraitində formalaşıb, hazırda isə respublika sülh mühitindədir.
Bununla belə, İrəvan Moskva ilə əlaqələri kəsmək niyyətində deyil.
“Biz münasibətlərimizi dərinləşdirmək istəyirik, lakin yeni mühitdə və yeni şərtlər çərçivəsində”, - Paşinyan deyib.
