Bakı. Trend:
Bu ilin yanvar-iyun aylarında Türkiyədən Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 108,307 milyon ABŞ dolları təşkil edib.
Trend-in Azərbaycan Mərkəzi Bankının məlumatları əsasında hesablamasına görə, bu, 2025-ci ilin eyni dövründəki göstərici ilə müqayisədə 20,5 milyon ABŞ dolları və ya 23,4 faiz çoxdur.
Məlumata görə, hesabat dövründə xaricdən Azərbaycana ümumi pul köçürmələrində Türkiyənin payı 14,5 faiz təşkil edib. Bununla da sözügedən ölkə xaricdən Azərbaycana ümumi pul köçürən ölkələrin siyahısında 2-ci pillədə qərarlaşıb.
Hesabat dövründə əks istiqamətdə, yəni Azərbaycandan Türkiyəyə fiziki şəxslərin pul köçürmələrinin həcmi 58,483 milyon ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 9,5 milyon ABŞ dolları və ya 14 faiz azdır.
Dövr ərzində Azərbaycandan xarici ümumi pul köçürmələrində Türkiyənin payı 28,1 faiz olub. Bu göstərici ilə Türkiyə Azərbaycandan fiziki şəxslərin pul köçürülən ölkələr siyahısında ilk yerdə qərarlaşıb.
Ümumilikdə, 2026-cı ilin ilk yarımilində Azərbaycandan xarici ölkələrə fiziki şəxslərin həyata keçirdikləri pul köçürmələrinin həcmi 207,878 milyon ABŞ dolları təşkil edib. Bu isə 2025-ci ilin eyni dövründəki göstərici ilə müqayisədə 30,3 milyon ABŞ dolları və ya 12,7 faiz azdır.
Eyni zamanda, hesabat dövründə xarici ölkələrdən Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 748,464 milyon ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni dövründəki göstərici ilə müqayisədə 214,5 milyon ABŞ dolları və ya 40,2 faiz çoxdur.
