Bakı. Trend:
Ukrayna Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Rustem Umerov “Axios” portalına açıqlamasında bildirib ki, Kiyev və Moskva Vaşinqtonun vasitəçiliyi ilə aparılan danışıqlarda ciddi irəliləyişə nail olublar.
“Axios”un müxbiri Barak Ravid Umerovla Ukrayna Prezidenti Volodimir Zelenskinin ABŞ Prezidenti Donald Trampla Nyu-Yorkda planlaşdırılan görüşü ərəfəsində söhbət edib.
Umerov görüşün sentyabrın 22-də, çərşənbə axşamı günü keçirilə biləcəyini deyib. Ukrayna və ABŞ liderləri son telefon danışığı zamanı Nyu-Yorkda görüşmək barədə razılığa gəliblər. “Axios”un söhbətin məzmunundan məlumatlı mənbəsinə görə, Tramp Zelenskidən Rusiya ərazisindəki neft emalı zavodlarına endirilən zərbələri dayandırmağı dəfələrlə xahiş edib.
Mənbənin sözlərinə görə, telefon danışığı zamanı “dizel” ifadəsi bir neçə dəfə səslənib.
Umerov ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffun danışıqlar prosesində yaxşı iş apardığını bildirib. O qeyd edib ki, tərəflər vaxt itirmədən diqqətlərini mümkün həll yollarının tapılmasına yönəldiblər.
“Danışıqlarda ciddi irəliləyiş var. Xüsusilə də fikir ayrılıqlarının sayı onlarla məsələdən əsas müzakirə mövzusu olaraq qalan bir-iki məsələyə qədər azalıb”, – deyə Umerov vurğulayıb.
“Axios”un məlumatına görə, Zelenski ilə Trampın görüşü ABŞ
prezidentinin Rusiyaya qarşı sanksiyalar haqqında qanunu
imzalamasından və vəzifəyə başladıqdan sonra ABŞ ilə Ukrayna
arasında ən böyük silah tədarükü sazişini təsdiqləməsindən bir neçə
gün sonra keçiriləcək. Nəşr bildirir ki, Kiyev bu iki addımın
atılmasını bir neçə ay ərzində Vaşinqtondan tələb edib.