Ərazi bütövlüyünün bərpasının rəmzi: Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü

Siyasət Xəbər 20 Sentyabr 2026 09:00 (UTC +04:00)
Ərazi bütövlüyünün bərpasının rəmzi: Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Prezident İlham Əliyevin 2024-cü il sentyabrın 18-də imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü təntənəli şəkildə qeyd edilir.

Bu tarix Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpasından sonra Qarabağda yeni mərhələnin başlanmasını simvolizə edir.

Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Sevil Mikayılova bildirib.

S.Mikayılova qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan 2020-ci il Vətən müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərdə yalnız hərbi-siyasi deyil, eyni zamanda genişmiqyaslı bərpa və quruculuq prosesinə başlayıb. Xankəndi, Xocalı, Xocavənd və Ağdərə də bu prosesin əsas istiqamətlərindən birini təşkil edir.

"2023-cü il oktyabrın 15-də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı. Xankəndidə Dövlət Bayrağının ucaldılması Prezident İlham Əliyevin 20 il əvvəl qarşıya qoyduğu əsas siyasi hədəflərdən birinin reallaşmasının rəmzi oldu. Dövlət başçısı həmin çıxışında Azərbaycanın ərazi bütövlüyünün bərpasını əsas vəzifələrdən biri kimi müəyyənləşdirdiyini və bu məqsədə doğru ardıcıl addımlar atıldığını bildirdi. Bu hadisədən cəmi bir neçə həftə sonra, 2023-cü il noyabrın 8-də Xankəndidə Vətən müharibəsində əldə olunan Zəfərin üçüncü ildönümünə həsr olunmuş hərbi parad keçirildi", - deyə deputat bildirib.

S.Mikayılova vurğulayıb ki, Xankəndi yenidən Qarabağın mühüm mərkəzinə çevrilir:

"Prezident İlham Əliyevin Xankəndiyə səfərləri sonrakı illərdə də davam edib. Dövlət başçısı şəhərdə təhsil, səhiyyə, turizm, idman, sənaye və infrastruktur layihələrinin açılışında və təməlqoyma mərasimlərində iştirak edib. 2023-cü il dekabrın 21-də Xankəndidə 30 ildən çox fasilədən sonra Qarabağın işğaldan azad edilmiş hissəsində ilk rəsmi futbol oyunu keçirildi. Prezident İlham Əliyev “Qarabağ” və MOİK komandaları arasında keçirilən görüşü stadiondan izlədi.

Xankəndidə Qarabağ Universitetinin yaradılması da şəhərin yeni inkişaf mərhələsinin əsas layihələrindən biri oldu. Prezident İlham Əliyevin 2023-cü il 28 noyabr tarixli Sərəncamı ilə Xankəndidə Qarabağ Universiteti yaradıldı. Universitetin fəaliyyəti region üçün yüksəkixtisaslı kadrların hazırlanmasına yönəldilib. Sonrakı mərhələdə Xankəndidə universitetin yeni korpusları, tələbə yataqxanası, klinika, məktəb, hotel, biznes və mədəniyyət obyektləri istifadəyə verilib. 2026-cı ilin may və iyul aylarında isə Mədəniyyət Mərkəzi, iş əlcəkləri istehsalı müəssisəsi və “Xankəndi” hotelinin açılışı keçirilib."

Deputat bildirib ki, Prezident İlham Əliyevin diqqətində yalnız Xankəndi deyil, Xocalı, Xocavənd və Ağdərə də xüsusi yer tutur.

"İşğaldan azad edilmiş ərazilərdə aparılan quruculuq işlərinin əsas istiqamətlərindən biri əhalinin doğma yurdlarına qayıdışıdır. 2026-cı il avqustun 17-nə olan məlumata görə, Xankəndi şəhəri və Kərkicahanda ümumilikdə 119 ailə, 506 nəfər məskunlaşıb. Xocalı rayonunda bu göstərici 1 167 ailə və 4 841 nəfər, Xocavənd rayonunda 988 ailə və 4 070 nəfər, Ağdərə rayonunda isə 917 ailə və 3 587 nəfər təşkil edib.

Beləliklə, bu ərazilərdə artıq minlərlə insanın məskunlaşması təmin edilib. Paralel olaraq yeni yollar, məktəblər, xəstəxanalar, universitet binaları, enerji obyektləri, istehsal müəssisələri, hotellər və digər infrastruktur layihələri həyata keçirilir. Bu layihələr Qarabağda sosial və iqtisadi həyatın yenidən formalaşdırılmasına xidmət edir", - deyə deputat əlavə edib.

S.Mikayılova qeyd edib ki, bu gün 20 Sentyabr Azərbaycan üçün yalnız təqvimdə qeyd olunan bir tarix deyil:

"Bu tarix Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin təmin olunmasından sonra Qarabağda həyata keçirilən bərpa, məskunlaşma və inkişaf siyasətinin simvollarından biri kimi xarakterizə olunur. Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad edilmiş Xankəndi, Xocalı, Xocavənd və Ağdərəyə davamlı səfərləri bu ərazilərdə həyata keçirilən quruculuq siyasətinin əsas istiqamətlərini müəyyənləşdirir. Prezident səfərləri zamanı yeni layihələrin təməlini qoyur, müxtəlif obyektlərin açılışında iştirak edir, görülən işlərlə tanış olur və sakinlərlə görüşür. Xankəndi, Xocalı, Xocavənd və Ağdərəyə səfərlərin xronologiyası göstərir ki, Qarabağ siyasətində əsas məqsəd ərazilərin yalnız fiziki olaraq bərpası deyil, burada dayanıqlı və müasir həyatın formalaşdırılmasıdır.

Səfərlər zamanı məktəblərin, universitet binalarının, xəstəxanaların, yaşayış komplekslərinin, yolların, elektrik yarımstansiyalarının, sənaye müəssisələrinin, hotellərin və mədəniyyət obyektlərinin istifadəyə verilməsi bu siyasətin müxtəlif istiqamətlərini əks etdirir. Prezidentin sakinlərlə görüşləri isə Böyük Qayıdış prosesinin dövlət başçısının daim diqqətində olduğunu göstərir. Bu prosesdə İlham Əliyevin birbaşa iştirakı və mütəmadi səfərləri Qarabağın bərpasının uzunmüddətli və sistemli dövlət siyasəti əsasında həyata keçirildiyini nümayiş etdirir."

Xəbər lenti

Xəbər lenti