Bakı. Trend:
Azərbaycanın dövlət suverenliyinin bərpası davamlı sülhün təmin olunması üçün yeni imkanlar açıb.
Bu, Azərbaycan Xarici İşlər Nazirliyinin 20 sentyabr – Dövlət Suverenliyi Günü münasibətilə bəyanatında bildirilib.
Qeyd edilib ki, 20 sentyabr dövlət suverenliyimizin bərqərar olduğu, xalqımızın çoxəsrlik dövlətçilik salnaməsinə qızıl hərflərlə yazılmış tarixi gündür:
“20 sentyabr dövlət suverenliyimizin bərqərar olduğu, xalqımızın
çoxəsrlik dövlətçilik salnaməsinə qızıl hərflərlə yazılmış tarixi
gündür.
19-20 sentyabr 2023-cü il tarixlərində Azərbaycanın Qarabağ
bölgəsində Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərk-silah
edilərək ölkəmizin ərazisindən çıxarılması məqsədilə lokal
xarakterli antiterror tədbirləri həyata keçirilib. Beləliklə cəmi
24 saatdan az müddətdə başa çatan tədbirlər nəticəsində
ərazilərimiz üzərində dövlət suverenliyi təmin edilib.
Bu tarixi zəfərin əldə olunmasında Azərbaycan Respublikasının
Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli
siyasi iradəsi və rəhbərliyi altında Azərbaycan Silahlı
Qüvvələrinin yüksək peşəkarlığı, rəşadəti və qəhrəmanlığı həlledici
rol oynayıb.
Antiterror tədbirləri zamanı Azərbaycan tərəfi mülki əhalinin
təhlükəsizliyinə xüsusi diqqət yetirib, mülki şəxslər və mülki
infrastruktur yox, yalnız qanunsuz silahlı birləşmələrin legitim
hərbi obyekt və infrastrukturları hədəf alınıb.
Azərbaycanın dövlət suverenliyinin bərpası regionda yeni siyasi
reallıq yaradaraq Azərbaycan-Ermənistan münasibətlərinin
normallaşdırılması və davamlı sülhün təmin olunması üçün yeni
imkanlar açıb. Ölkəmiz sülh gündəliyinə sadiqliyini nümayiş
etdirərək, münasibətlərin normallaşdırılması istiqamətində ardıcıl
və məqsədyönlü addımlar atıb.
8 avqust 2025-ci ildə Vaşinqtonda Azərbaycan, Amerika Birləşmiş
Ştatları və Ermənistan liderlərinin iştirakı ilə keçirilmiş tarixi
görüş sülh və normallaşma prosesində mühüm mərhələ olub.
Bu gün Azərbaycan və Ermənistan liderlərinin görüşləri zamanı əldə
olunan razılaşmalar regionda davamlı sülhün və sabitliyin təmin
edilməsi ilə yanaşı, regional iqtisadi potensialın reallaşdırılması
baxımından da mühüm əhəmiyyət daşıyır.
Regionda iqtisadi-ticarət əlaqələrinin bərpası və bu istiqamətdə
etimad quruculuğu tədbirlərinin həyata keçirilməsi, habelə
beynəlxalq nəqliyyat və logistika marşrutlarının regional
inteqrasiyasının təşviqi təkcə Azərbaycan və Ermənistan üçün yox,
eləcə də bütün maraqlı tərəflər üçün yeni iqtisadi dividendlər və
əməkdaşlıq imkanları yaradacaq.
Yaranmış tarixi sülh imkanından irəli gələrək, Azərbaycan və
Ermənistan arasında sülh sazişinin imzalanması və münasibətlərin
tam normallaşdırılması üçün qarşıda duran məsələlərin həlli mühüm
əhəmiyyət kəsb edir.
Bu gün Azərbaycan azad edilmiş ərazilərin bərpası, keçmiş məcburi
köçkünlərin öz doğma yurdlarına qayıdışının təmin edilməsi və həmin
ərazilərin davamlı inkişafı istiqamətində genişmiqyaslı işlər
həyata keçirir. Eyni zamanda, mina təhlükəsinin aradan
qaldırılması, itkin düşmüş şəxslərin taleyinin müəyyən edilməsi
ölkəmizin əsas prioritetləri sırasındadır.
Dövlət Suverenliyi Günü Azərbaycan xalqının öz dövlətçiliyinə,
milli iradəsinə və ərazi bütövlüyünə bağlılığının rəmzidir. Bu
əlamətdar gün şəhidlərimizin əziz xatirəsinə dərin ehtiramla
yanaşmaq, onların canları bahasına əldə edilmiş tarixi Zəfərin
dəyərini daim qorumaq və gələcək nəsillərə ötürmək üçün mühüm bir
vəsilədir.
Azərbaycan Respublikasının dövlət suverenliyi əbədidir, bölünməzdir
və toxunulmazdır.
Dövlət Suverenliyi Günün mübarək, Azərbaycan!”.