Kosta-Rika Kuba ilə diplomatik münasibətləri kəsdiyini açıqlayıb

Dünya xəbərləri Xəbər 20 Sentyabr 2026 01:01 (UTC +04:00)

Bakı. Trend:

Kosta-Rika hökuməti şənbə günü mart ayında Kuba ilə diplomatik münasibətləri kəsdiyini açıqlayıb. Kuba isə San-Xosenin bu qərarı barədə rəsmi şəkildə heç vaxt məlumatlandırılmadığını bildirib və Havananın fikrincə, Kosta-Rika ABŞ-a “tabe olub”.

Mart ayında Kosta-Rika Havana şəhərindəki səfirliyini bağlayacağını və kubalı diplomatları ölkədən çıxaracağını açıqlamışdı. Həmin vaxt ölkənin prezidenti olan və Donald Trampın müttəfiqi sayılan Rodrigo Çaves “yarımkürəni kommunistlərdən təmizləməyə” çağırmışdı. Kosta-Rikanın xarici işlər naziri Manuel Tovar şənbə günü X sosial şəbəkəsində bildirib ki, həmin vaxtdan etibarən onun hökuməti Havana ilə münasibətlər saxlamır.

“Altı onillikdən artıqdır ki, Kuba xalqının azadlığını və rifahını inkar edən tiranlığı” pisləyən Manuel Tovar bu həftə ABŞ-da dövlət katibi Marko Rubio ilə görüşüb. O, X-də Kosta-Rikanın “Kastro rejimi ilə diplomatik münasibətlərin kəsilməsi məsələsində qəti və aydın mövqedə” olduğunu bir daha vurğulayıb.

Manuel Tovar səfəri zamanı Miami Herald qəzetinə bildirib ki, Kosta-Rika mart ayında, Rodrigo Çavesin prezidentliyi dövründə Kuba ilə diplomatik münasibətləri kəsib. Onun sözlərinə görə, bu qərar Çavesin varisi Laura Fernandes tərəfindən də “qüvvədə saxlanılıb”. O, bunu cümə günü sürgündə fəaliyyət göstərən Kubanın rəqəmsal mediası Cubanet-ə müsahibəsində də bildirib.

Kuba hökuməti bu açıqlamalara reaksiya verərək Kosta-Rikanın qərarından “tamamilə xəbərsiz” olduğunu və “bu barədə heç vaxt rəsmi şəkildə məlumatlandırılmadığını” bildirib.

Kuba hökuməti açıqlamasında əlavə edib ki, San-Xose daha əvvəl səfirliyin bağlanmasının “diplomatik münasibətlərin kəsilməsi demək olmadığını” bildirib.

“Havanın Kubaya münasibətdə ABŞ siyasətinə Kosta-Rika hökumətinin yeni tabeçilik aktının şahidi oluruq”, - deyə Havana bildirib.

Xəbər lenti

Xəbər lenti