Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

Siyasət Xəbər 20 Sentyabr 2026 00:29 (UTC +04:00)
Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

Bakı. Trend:

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərinin günüdür.

Trend xəbər verir ki, Prezident İlham Əliyev 18 sentyabr 2024-cü il tarixində “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində şəhər günlərinin təsis edilməsi haqqında” sərəncama dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

Sərəncama əsasən, 20 sentyabr Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərinin günü elan edilib.

Qeyd edək ki, 19 sentyabr 2023-cü ildə Ermənistan silahlı qüvvələrinin təxribatlarına və terror aktlarına cavab olaraq Azərbaycan Ordusu lokal xarakterli antiterror tədbirlərinə başlayıb və separatçıları bir sutkadan az müddətdə təslim olmağa məcbur edib.

Antiterror tədbirlərinin məqsədi üçtərəfli bəyanatın müddəalarının yerinə yetirilməsini təmin etmək, Qarabağ iqtisadi rayonunda genişmiqyaslı təxribatların qarşısını almaq, Ermənistan silahlı qüvvələrinin bölmələrinin Azərbaycan ərazisindən tərksilah edilərək çıxarılmasını təmin etmək, onların hərbi infrastrukturunu zərərsizləşdirmək, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhalinin, eləcə də bərpa işlərinə cəlb olunmuş mülki şəxslərin və Azərbaycan hərbçilərinin təhlükəsizliyini təmin etmək, habelə Azərbaycanın konstitusiya quruluşunu bərpa etmək olub.

28 sentyabr 2023-cü ildə separatçıların başçısı Samvel Şahramanyan Qarabağda qondarma “rejimin” ləğv edilməsi barədə sənəd imzalayıb.

15 oktyabr 2023-cü ildə Prezident İlham Əliyev Ağdərə, Xocavənd və Xocalı şəhərlərində, Xocalının Əsgəran qəsəbəsində, Sərsəng su anbarının ərazisində və Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb.

Xəbər lenti

Xəbər lenti