SOCAR-da insan kapitalına yatırımlar genişləndirilir

İqtisadiyyat Xəbər 21 Sentyabr 2026 10:03 (UTC +04:00)
SOCAR-da insan kapitalına yatırımlar genişləndirilir
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) insan kapitalının inkişafına yönəlmiş proqramları çərçivəsində əməkdaşların beynəlxalq təhsil və təcrübə imkanlarının genişləndirilməsinə xüsusi diqqət yetirilir.

Trend-in tədbirdəki müxbirinin məlumatına görə, bunu SOCAR-ın vitse-prezidenti Zaur Qurbanov ADA Universitetində Liderlik və İnnovasiya üzrə IE Mərkəzinin “AZEMBA” proqramının açılışında çıxışı zamanı deyib.

O bildirib ki, SOCAR-ın dəstəyi ilə həyata keçirilən “Global MBA” proqramının iştirakçıları arasında şirkətin 16 əməkdaşı və rəqabətli seçim əsasında xarici bazardan seçilmiş 8 iştirakçı yer alır.

“Proqram böyük maraqla qarşılandı; yüksək ixtisaslı mütəxəssislərdən yüzlərlə müraciət daxil oldu. Bu yüksək maraq səviyyəsi azərbaycanlı istedadların davamlı öyrənməyə, beynəlxalq təcrübə qazanmağa, eləcə də öz təşkilatlarının və ölkəmizin gələcəyinə töhfə vermək üçün lazım olan bilik və bacarıqları inkişaf etdirməyə olan artan həvəsini əks etdirir”, - deyə Z.Qurbanov bildirib.

Onun sözlərinə görə, iştirakçılar müəyyən edilmiş kvotalara uyğun olaraq şəffaf və rəqabətli seçim prosesi əsasında müəyyənləşdirilib.

Z.Qurbanov qeyd edib ki, təşəbbüsün əsas xüsusiyyətlərindən biri Azərbaycanın biznes təcrübəsi ilə “IE University”nin akademik imkanları və qlobal baxışının bir araya gətirilməsidir.

“Bugünkü mərasim SOCAR-ın insan kapitalının inkişafına yanaşmasında mərkəzi yer tutan iki əsas prioriteti bir araya gətirir: insanlara sərmayə qoymaq və mənalı beynəlxalq tərəfdaşlıqlar qurmaq”, - deyə SOCAR vitse-prezidenti vurğulayıb.

O bildirib ki, SOCAR 15-dən çox ölkəni əhatə edən fəaliyyət coğrafiyası və 70 mindən çox əməkdaşı ilə transformasiya prosesindən keçir.

“Biz sürətlə və sistemli şəkildə məlumatlara əsaslanan, diversifikasiya olunmuş və inteqrasiya edilmiş regional enerji şirkətinə çevrilirik. Gələcəyə yönəlmiş strateji baxışımız innovasiyalara, yeni texnologiyalara, süni intellektə və yaşıl enerjiyə keçid prosesinə olan dərin sadiqliyimizlə üst-üstə düşür”, - deyə Z.Qurbanov bildirib.

Onun sözlərinə görə, bu transformasiya prosesində insan kapitalının inkişafı əsas istiqamətlərdən biridir.

“SOCAR-da biz bu transformasiyaya kompleks bir ekosistem kimi yanaşırıq. Ədalətli və insanmərkəzli keçid prinsiplərini rəhbər tuturuq. Bu o deməkdir ki, innovasiyalar fonunda heç bir istedad arxa planda qalmamalı, əksinə, hər bir gənc və hər bir əməkdaş bu keçid prosesinin fəal iştirakçısına çevrilməlidir”, - deyə o qeyd edib.

Z.Qurbanov SOCAR-ın beynəlxalq tərəfdaşlarla bilik və təcrübə mübadiləsinin genişləndirilməsi istiqamətində həyata keçirdiyi layihələrdən də danışıb.

“Bu gün SOCAR aparıcı şirkətlər və fərdlərlə bilik transferi ekosistemi inşa edir. Biz Almaniyanın GIZ təşkilatı ilə birgə idarəetmə proqramları həyata keçirir, mədəniyyət və təhsil mübadiləsi layihələri təşkil edirik. Yaponiyanın JCCCP təşkilatı ilə texniki və idarəetmə sahələrində tərəfdaşlıq edərək, xüsusilə qadın liderliyinin dəstəklənməsinə və inklüzivliyin təşviqinə xüsusi diqqət yetiririk”, - deyə SOCAR vitse-prezidenti bildirib.

O əlavə edib ki, Türkiyənin TPAO şirkəti ilə imzalanmış memorandum çərçivəsində geologiya, qazma və digər mühəndislik sahələrində birgə seminarlar keçirilir, peşə təhsili, təqaüd və praktiki təcrübə proqramları həyata keçirilir.

“Bu addımlarla biz kadrlarımızı regionun ən böyük bilik və istedad mərkəzlərindən birinə çeviririk”, - deyə Z.Qurbanov vurğulayıb.

SOCAR vitse-prezidenti insan kapitalının inkişafına yönəlmiş “Xaricdə Təhsil Təqaüd Proqramı”nın şirkət əməkdaşlarının peşəkar inkişafına verdiyi töhfədən də danışıb.

Onun sözlərinə görə, proqram əməkdaşlara şirkətin strateji baxışına və ehtiyaclarına uyğun prioritet sahələr üzrə aparıcı beynəlxalq universitetlərdə ali təhsil almaq imkanı yaradır.

“Yaranandan bəri SOCAR bu proqram vasitəsilə beynəlxalq təhsilə böyük investisiyalar yatırıb və 380 iştirakçını dəstəkləyib. Bunların arasında “Chicago Booth”, “IMD”, “IE University” və “Columbia Business School” kimi nüfuzlu təhsil müəssisələrində “Executive MBA” proqramını bitirmiş və ya hazırda təhsil alan 18 rəhbər şəxs də var”, - deyə o bildirib.

Z.Qurbanov qeyd edib ki, proqramın məzunları artıq SOCAR-da və bütövlükdə sənayedə rəhbər və məsul vəzifələrdə fəaliyyət göstərirlər.

O bildirib ki, SOCAR-ın insan kapitalının inkişafına yönəlmiş proqramları beynəlxalq səviyyədə də qiymətləndirilib.

“Bu il həmin proqram “Brandon Hall Group HCM Excellence Awards” tərəfindən mükafata layiq görülmüşdür. Bu, dünya səviyyəli istedadların yetişdirilməsinə və gələcəyimizi idarə edəcək bacarıqlara investisiya qoyulmasına olan sadiqliyimizin növbəti sübutudur”, - deyə SOCAR vitse-prezidenti vurğulayıb.

Z.Qurbanov qeyd edib ki, SOCAR aparıcı beynəlxalq təhsil müəssisələri ilə əməkdaşlığı da genişləndirir.

“IMD”, “Klaus University”, “Sabancı University” və “Duke University” kimi nüfuzlu qurumlarla beynəlxalq əməkdaşlıq liderlik, idarəetmə, energetika və texniki təhsil sahələrinə qlobal təcrübə və ən yaxşı praktikanı gətirir”, - deyə o bildirib.

SOCAR vitse-prezidenti Azərbaycan daxilində ali təhsil ekosisteminin inkişafının da şirkətin prioritet istiqamətlərindən biri olduğunu diqqətə çatdırıb.

“Eyni zamanda, SOCAR Azərbaycan daxilində də ali təhsil ekosisteminin möhkəmləndirilməsinə xüsusi önəm verir. ADA Universiteti, Qarabağ Universiteti və Sumqayıt Dövlət Universiteti kimi regional təhsil müəssisələri ilə tərəfdaşlıq buna əyani sübutdur. Bu əməkdaşlıqlar təhsil, tədqiqat, innovasiya və bilik mübadiləsini dəstəkləyir, gənclərin öz bacarıqlarını inkişaf etdirmələri və yaşadıqları regiona töhfə vermələri üçün geniş imkanlar yaradır”, - deyə Z.Qurbanov əlavə edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti