"AZEMBA" proqramı Azərbaycanın transformasiya ehtiyaclarına uyğun hazırlanıb - "IE Business School"

İqtisadiyyat Xəbər 21 Sentyabr 2026 10:27 (UTC +04:00)
"AZEMBA" proqramı Azərbaycanın transformasiya ehtiyaclarına uyğun hazırlanıb - "IE Business School"
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

"AZEMBA" proqramı Azərbaycanın transformasiya, liderlik və insan kapitalının inkişafı ilə bağlı ehtiyacları nəzərə alınmaqla hazırlanıb.

Trend-in tədbirdəki müxbirinin məlumatına görə, bunu "IE Business School"un vitse-dekanı "IE University"nin tərkibində "IE Business School"un vitse-dekanı Lusiya Eqia (Lusía Egea) ADA Universitetində Liderlik və İnnovasiya üzrə IE Mərkəzinin “AZEMBA” proqramının açılışında çıxışı zamanı deyib.

O bildirib ki, "AZEMBA" sadəcə növbəti MBA proqramı deyil, “IE”, “PAŞA Holding” və SOCAR arasında liderlik, transformasiya və təşkilatların gələcəkdə ehtiyac duyacağı bacarıqlarla bağlı aparılan müzakirələrin nəticəsidir.

“Bu, sadəcə növbəti bir MBA proqramı deyil – biz buna “AZEMBA” deyirik. Bu proqram “IE”, “PAŞA Holding” və SOCAR arasında liderlik, transformasiya və təşkilatların gələcək illər üçün ehtiyac duyduğu bacarıqlar haqqında aparılan dərin və məqsədyönlü müzakirələrin bəhrəsidir”, - deyə Lusiya Egea qeyd edib.

Onun sözlərinə görə, proqramın məqsədlərini üç əsas sual – “Niyə?”, “Necə?” və “Kimin üçün?” – ətrafında izah etmək mümkündür.

“Niyə?” sualına toxunan vitse-dekan Azərbaycanın hazırda inkişafının mühüm mərhələsindən keçdiyini bildirib. O qeyd edib ki, ölkə rəqəmsallaşmaya, innovasiyaya və insan kapitalına strateji əhəmiyyət verir. Eyni zamanda, Azərbaycanın Avropa ilə Asiyanın kəsişməsində yerləşməsi ölkə üçün geniş imkanlarla yanaşı, müəyyən mürəkkəbliklər də yaradır.

“Transformasiya məqamlarında liderlik xüsusilə böyük əhəmiyyət kəsb edir. Çünki transformasiya sadəcə texnologiya ilə bağlı deyil, o, təşkilatlarla bağlıdır. Bu gün liderlər əvvəllər qarşılaşmadığımız suallarla üz-üzədirlər”, - deyə o vurğulayıb.

Lusiya Egea bildirib ki, süni intellektin təşkilatlara təsiri, dəyişən fərziyyələr şəraitində strateji qərarların qəbulu, geosiyasi qeyri-müəyyənliyin idarə olunması və şirkətlərin transformasiyası müasir liderlərin qarşısında duran əsas məsələlər sırasındadır.

O əlavə edib ki, dayanıqlı biznes modellərinin qurulması və davamlı artımın təmin edilməsi də mühüm çağırışlardandır.

“Bəlkə də bu gün bu səyahətə başlayan sizin üçün ən vacib sual budur: Özümüzü dəyişikliklərə sadəcə reaksiya verməyə deyil, onları idarə etməyə və formalaşdırmağa necə hazırlamalıyıq?” – deyə vitse-dekan sual edib.

Lusiya Egea qeyd edib ki, “AZEMBA” proqramının strateji baxışı “IE”nin sahibkarlıq ruhu, müxtəliflik, innovasiya və humanist yanaşma kimi təməl dəyərlərinə əsaslanır.

Onun sözlərinə görə, proqram yalnız iştirakçıların fərdi inkişafına deyil, daha geniş biznes ekosisteminə də təsir göstərmək məqsədi daşıyır.

“Biz təhsili gündəlik biznesin çətinliklərindən ayrı bir şey kimi görmürük. Bu MBA proqramının təsirindən danışarkən, biz sadəcə burada əyləşən və tezliklə dərslərə başlayacaq 40 iştirakçını düşünmürük. Biz bu proqramın daha güclü liderlərin yetişməsinə və Azərbaycanda daha geniş biznes ekosistemini inkişaf etdirən təşkilatların formalaşmasına töhfə verməsini istəyirik”, - deyə o bildirib.

Vitse-dekan “AZEMBA” proqramında akademik yanaşmanın və tədrisin elmi əsaslılığının xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.

“Bir MBA proqramı zənginləşdirici olmalıdır, lakin bu kifayət deyil. Məqsəd həm də mürəkkəblikləri fərqli şəkildə əlaqələndirməkdir. Məhz bu zaman biz qeyri-müəyyənliklərlə dolu dünyada rahat fəaliyyət göstərməyi öyrənirik”, - deyə Lusiya Egea qeyd edib.

O bildirib ki, proqram iştirakçıları biznes problemlərinə maliyyə, əməliyyatlar və rəqəmsallaşma kimi müxtəlif perspektivlərdən yanaşmağı öyrənəcək, eyni zamanda bu sahələri bir-biri ilə inteqrasiya etmək bacarığı qazanacaqlar.

“Məhz buna görə bu proqram tamamilə sizin ehtiyaclarınıza uyğunlaşdırılmış və xüsusi olaraq hazırlanmışdır”, - deyə o əlavə edib.

“Necə?” sualına toxunan Lusiya Egea bildirib ki, proqram “PAŞA Holding” və SOCAR rəhbərliyi ilə əməkdaşlıq çərçivəsində hazırlanıb. Onun sözlərinə görə, bu prosesdə “IE Business School”un “Global MBA” proqramı əsas akademik baza kimi götürülüb.

“Dünyada birinci yerdə qərarlaşan “Global MBA” proqramımızı başlanğıc nöqtəsi kimi götürdük. Daha sonra hər iki böyük korporasiyanın və holdinqin prioritetlərini və imkanlarını anlamağa böyük vaxt ayırdıq. Rəhbərlik və dövlət qurumları ilə çoxsaylı müzakirələr apardıq”, - deyə o bildirib.

Vitse-dekan qeyd edib ki, müzakirələr zamanı “Global MBA” proqramının hansı komponentlərinin saxlanılmalı, hansılarının Azərbaycan reallıqlarına uyğunlaşdırılmalı və proqrama hansı yeni elementlərin əlavə edilməli olduğu araşdırılıb.

“Məhz buna görə bu proqram “Global MBA” proqramımızın akademik bünövrəsini qoruyub saxlayır, lakin eyni zamanda xüsusi olaraq sizin üçün dizayn edilmiş vacib komponentləri özündə birləşdirir”, - deyə Lusiya Egea vurğulayıb.

O bildirib ki, “AZEMBA” proqramı çərçivəsində Bakıda dörd modul, əlavə olaraq isə Madriddə bir modul təşkil olunacaq.

Vitse-dekanın sözlərinə görə, proqramın məzmununun yerli ehtiyaclara uyğunlaşdırılması və beynəlxalq akademik təcrübə ilə Azərbaycan biznes mühitinin əlaqələndirilməsi “AZEMBA”nın əsas xüsusiyyətlərindən biridir.

Qeyd edək ki, İqtisadiyyat və Elm və Təhsil nazirliklərinin dəstəyi, PAŞA Holding, SOCAR və İspaniyanın IE Universitetinin tərəfdaşlığı ilə Liderlik və İnnovasiya üzrə IE Mərkəzinin “AZEMBA” proqramının açılışı olub. Proqram çərçivəsində iştirakçılar rəqəmsal transformasiya, süni intellekt, dayanıqlı inkişaf, innovasiya, liderlik və müasir idarəetmə kimi istiqamətlər üzrə beynəlxalq təcrübəyə əsaslanan təhsil alacaqlar.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti