Bakı. Trend:
Bu gün İran İslam İnqilabı Keşikçilər Korpusunun Hava Hücumundan Müdafiə Qüvvələri ABŞ-yə məxsus “MQ 1” pilotsuz uçuş aparatı (PUA) Hörmüz boğazında vurub.
Bununla əlaqədar İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) məlumat yayıb.
“Sözügedən PUA SEPAH-ın Aeronavtika Qüvvələrinin yeni hava hücumundan müdafiə sistemi ilə izlənilib və məhv edilib”, - deyə məlumatda bildirilir.
Qeyd olunur ki, “MQ 1” pilotsuz uçuş aparatı Əfqanıstanda 2 min saat uçuşu ilə məşhurdur və illərdir ABŞ-nin Hərbi və Dəniz Qoşunlarının arsenalından çıxarılıb və yerini “MQ 9” PUA-sına verib. Lakin ABŞ “MQ 9” PUA-larının çoxunun vurulduğuna görə, yenidən “MQ 1” PUA-sından istifadə etməyə məcbur olub.
Xatırladaq ki, ABŞ-İran münasibətlərində növbəti gərginlik iyulun 8-də başlayıb. Həmin gün ABŞ Silahlı Qüvvələri Vaşinqton və Tehran arasında imzalanmış memorandumdan sonra ilk dəfə olaraq, Hörmüz boğazında ticarət gəmisinə hücuma cavab olduğu iddiası ilə İran ərazisinə bir neçə silsilə zərbə endirib. Elə həmin gün ABŞ Prezidenti Donald Tramp İranla atəşkəs rejiminin dayandırıldığını bəyan edib. Buna cavab olaraq Tehran Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Oman ərazisində yerləşən ABŞ obyektlərinə zərbələr endirməyə başlayıb.
