UNEC rektoru: Ali təhsil haqqında səsli düşüncələr - Müzakirə təklifi (FOTO)

Cəmiyyət Xəbər 21 Sentyabr 2026 10:08 (UTC +04:00)
UNEC rektoru: Ali təhsil haqqında səsli düşüncələr - Müzakirə təklifi (FOTO)

Bakı. Trend:

Azərbaycanda ali təhsilin mövcud vəziyyəti haqqında fərqli mütəxəssislərin səsləndirdiyi fərqli fikirlər və mülahizələrdə, demək olar ki, neqativ fikirlər hələ də üstünlük təşkil edir. Bununla bağlı iki fikrimi bölüşmək istədim.

Birincisi, ali təhsildə vəziyyətin ideal olduğunu təsdiqləmək fikrində deyiləm. Hələ də problemlərin mövcudluğunu qəbul edirəm. Amma ali təhsil haqqında ümumi mənzərəni qaraldan fikirlərlə də həmfikir deyiləm. Ən azından ali təhsil haqqında səsləndirilən kəskin mənfi fikirlərin əsasında duran tədqiqatlar görünmür. Eləcə də, həmin tədqiqatlar haqqında universitetlər məlumatlandırılmır və onlarla harada tanış olmaq da bəlli deyil. Əgər belə tədqiqatlar varsa (ümid edirəm ki, var), çox xahiş edirəm ki, həmin tədqiqatları [email protected] və yaxud [email protected] elektron ünvanlara göndərin, tanış olaq və müzakirə edək. UNEC-də həmin tədqiqatların geniş müzakirəsini də təşkil etməyə hazırıq. Məqsədimiz əsaslandırılmış fikirləri, tövsiyələri, tənqidləri fəaliyyətimizdə nəzərə almaqdır. Böyük səbirsizliklə tədqiqatları gözləyəcəyik.

İkincisi, mənim fikrimcə, ali təhsil haqqında səsləndirilən neqativ fikirlərin bir qismi əsasən reallığa deyil, mövcud reallıqlar haqqında formalaşmış təsəvvürlərə əsaslanır. Nəticədə, reallığın özü deyil, onun haqqında "yaradılmış" süni təsəvvür önə çəkilir. Oxucular bir sıra hallarda reallıqdan müəyyən dərəcədə qopmuş, faktiki gerçəkliyin yerini tutan xəyali və ya təhrif olunmuş məlumatın əsarətinə düşür. Bu problem bəzi ekspertlərin öz peşəkar kompetensiya və ixtisas sahələrindən kənara çıxaraq ali təhsil haqqında qəti mülahizələr irəli sürməsi ilə daha da dərinləşir. Nəticədə reallıqlardan uzaq informasiya konstruksiyaları formalaşır, rəylər, tənqidlər və təkliflər isə bəzən gerçəkliyin özündən daha çox onun haqqında yaradılmış təsəvvürü əks etdirir.

Ali təhsil haqqında səsləndiriliən hər bir fikrə hörmətlə yanaşır və bir daha xahiş edirik ki, gəlin aparılmış və ya ciddi mülahizələrdə əsas götürülmüş tədqiqatları UNEC-də birlikdə müzakirə edək. Ali təhsillə bağlı istənilən təklif və tənqidi istənilən şəxslə müzakirə etməyə hazırıq. Müasir universitet quruculuğu naminə!

Prof. Ədalət Muradov,
UNEC-in rektoru.

Xəbər lenti

Xəbər lenti