Bakı. Trend:
Polşadakı diaspor nümayəndələrinin və Azərbaycan Respublikasının Polşadakı Səfirliyi tərəfindən görülmüş tədbirlər nəticəsində Azərbaycana qarşı təxribatın qarşısı alınıb.
Polşada istehsal olunmuş məhsulun üzərində artıq ləğv edilmiş
separatçı rejimin əskisinin təsviri olan çap materialının yerli
satışda olması barədə məlumat ölkədəki Azərbaycan diaspor
nümayəndələrinin sosial şəbəkələrdə yayımlamasından dərhal sonra
Azərbaycan Respublikasının Polşadakı Səfirliyi bu materialların
istehsalının dayandırılması və satışdan çıxarılması istiqamətində
tədbirlər həyata keçirib.
“Məhsulun” istehsalı və eyni zamanda satışı ilə məşğul olan “Henry”
şirkətinin direktoru Çezarı Popiel əlaqə saxlanılıb və məsələ ilə
bağlı Azərbaycan Respublikasının kəskin etirazı bildirilib. Qarşı
tərəf məsələ barədə sosial şəbəkələr vasitəsilə məlumatlı olduğunu
və yol verilmiş yanlışlıqla bağlı üzrxahlığını bildirərək, qeyd
olunan məhsulun istehsalının və satışının dayandırılması barədə
qərar qəbul edildiyini vurğulayıb.
Səfirliyin təklifinə əsasən Çezare Popiel diplomatik nümayəndiliyi
yazılı şəkildə məlumatlandırıb. Məktubda bildirilib ki, “təsvirin”
çap materiallarında istifadəsi məqsədyönlü və ya qəsdən həyata
keçirilməyib, çapın hazırlanma mərhələsi “insan amili” nəticəsində
baş verib. Məktubda, həmçinin çap məhsulunun satışının tam
dayandırıldığı, anbarda olan və müştərilərdən qaytarılmış bütün
nüsxələrin dövriyyədən çıxarılaraq məhv ediləcəyi, eləcə də gələcək
çap materiallarında həmin “təsvirin” istifadəsinin qarşısının
alınması məqsədilə müvafiq düzəlişlərin edildiyi bildirilib.
Çezare Popiel səfirliyə göndərdiyi məktubda Azərbaycan Respublikasının suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə hörmət etdiyini vurğulayıb.
Azərbaycan Respublikasının Polşadakı Səfirliyi yuxarıda göstərilən təxribatı aşkarlayan, sosial şəbəkələrdə məsələyə hər iki ölkə ictimaiyyətinin diqqətini cəlb edən və müvafiq ünvanlara müraciətlər ünvanlayan Azərbaycan diaspor nümayəndələrinə təşəkkürünü bildirib.