"Anglo Asian Mining" 2026-cı ildə qızıl hasilatı ilə bağlı proqnozlarını endirib

İqtisadiyyat Xəbər 21 Sentyabr 2026 11:12 (UTC +04:00)
"Anglo Asian Mining" 2026-cı ildə qızıl hasilatı ilə bağlı proqnozlarını endirib
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı.Trend:

“Anglo Asian Mining PLC” şirkəti 2026-cı ilin ilk yarısında 12 329 unsiya qızıl istehsal edib. Ötən ilin eyni dövründə bu göstərici 12 114 unsiya olub.

Şirkətin qızıl külçələrinin satış həcmi 7 126 unsiya, orta satış qiyməti isə unsiya üçün 4 664 dollar təşkil edib.

Bununla yanaşı, şirkət 2026-cı il üzrə illik qızıl istehsalı proqnozunu 28 000–33 000 unsiyadan 26 000–30 000 unsiyaya endirib.

Şirkətin məlumatında qeyd olunur ki, proqnozun dəyişdirilməsi “Gilar” yatağının filizində qızıl tərkibli mineralların dəyişkənliyi ilə bağlıdır. Bu amil ilin ilk yarısında qızılın gözləniləndən daha aşağı səviyyədə çıxarılmasına səbəb olub.

“Anglo Asian Mining” şirkətinin baş icraçı direktoru Reza Vəziri qızıl istehsalı proqnozunun azaldılmasının məyusedici olduğunu, lakin şirkətin digər göstəricilərinin bunu kompensasiya etdiyini bildirib.

“Bu, mis istehsalının dəstəklənməsi üzrə ümumi xərclərin azalması və hazırda metal qiymətlərinin daha yüksək olması hesabına gəlirlərin artması ilə kompensasiya edilir. Hazırda gəlirlər büdcə göstəricilərini üstələyir”, - deyə o bildirib.

Vəziri əlavə edib ki, şirkət ümidverici irəliləyişə nail olmaqdadır və portfelinin davamlı inkişafından, eləcə də onun əhəmiyyətli pul vəsaiti yaratmaq potensialından razıdır.

Qeyd edək ki, “Anglo Asian Mining” Azərbaycanda istehsal və geoloji kəşfiyyat aktivləri portfelinə malik mis və qızıl istehsalçısıdır.

Şirkət 2030-cu ilə qədər çoxprofilli orta səviyyəli mis və qızıl istehsalçısı statusuna keçidi nəzərdə tutan artım strategiyasını həyata keçirir. Hazırda mis şirkətin əsas məhsuludur və 2030-cu ilə qədər illik mis istehsalının təxminən 50 000–55 000 tona çatdırılması planlaşdırılır.

İstehsalın artımı, xüsusilə, 2027–2030-cu illər ərzində üç yeni mədənin — “Xarxar”, “Qaradağ” və “Zəfər”in istismara verilməsi hesabına təmin ediləcək. Onlar 2025-ci ilin may və iyul aylarında müvafiq olaraq hasilata başlanılan yeni “Gilar” və “Dəmirli” mədənlərini tamamlayacaq.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti