Bakı. Trend:
Sümük iliyi transplantasiyası talassemiya, leykoz, aplastik anemiya, limfoma, çoxsaylı miyeloma və digər ağır qan xəstəliklərindən əziyyət çəkən xəstələr üçün həyati əhəmiyyət daşıyan müalicə üsullarından biridir. Bu müalicənin uğurunda uyğun donorun tapılması mühüm rol oynayır. Sümük iliyi donorluğu ilə bağlı cəmiyyətdə bir sıra yanlış təsəvvürlər, xüsusilə də donorun sağlamlığına zərər vurması ilə bağlı narahatlıqlar mövcuddur. Bəs sümük iliyi donorluğu necə həyata keçirilir, donor üçün hansı risklər var, kimlər donor ola bilər və transplantasiyada HLA uyğunluğu nə üçün vacibdir?
Bu və digər sualları Səhiyyə Nazirliyi Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Sümük iliyi transplantasiyası şöbəsinin müdiri, hematoloq Nərgiz Əliyeva cavablandırıb.
– Sümük iliyi donorluğu necə həyata keçirilir və bu prosesdə hansı məqamlara diqqət edilməlidir?
– Sümük iliyi donorluğu donorun sağlamlığına zərər verməyəcək
şəkildə müəyyən miqdarda sümük iliyinin alınması prosedurudur.
Uyğun donordan sümük iliyi cərrahi yolla, bəzi hallarda isə
periferik qandan hematopoetik kök hüceyrələrin xüsusi aparat
vasitəsilə toplanması həyata keçirilir. Donorluq könüllülük
prinsipi əsasında icra olunur.
Talassemiya, leykoz, aplastik anemiya və digər xəstəliklər diaqnozu
qoyulmuş pasiyentlər üçün HLA-uyğun ailədaxili və ya qeyri-qohum
donorun axtarışı mümkün qədər erkən, müalicənin ilk mərhələlərindən
təşkil edilməlidir.
Pasiyent transplantasiyaya hazırlıq mərhələsinə başladıqdan,
xüsusilə transplantasiyadan təxminən 7–10 gün əvvəl donorun
donorluqdan imtina etməsi yolverilməzdir. Çünki bu mərhələdə
donorun imtinası pasiyentin həyatı üçün ciddi təhlükə yarada bilər.
Buna görə də donor olmaq qərarı əvvəlcədən, bütün məsuliyyətlər
nəzərə alınmaqla və düşünülərək verilməlidir.
Donorluqdan sonra yüngül halsızlıq və iynənin daxil edildiyi
nahiyədə – qalça sümüyünün darağında – ağrı hissi yarana bilər.
Lakin bu hallar, bir qayda olaraq, müvəqqəti xarakter daşıyır.
– Sümük iliyi köçürülməsi hansı xəstəliklərin müalicəsində istifadə
olunur və kimlərə lazımdır?
– Sümük iliyi transplantasiyası bir sıra genetik və
onkohematoloji xəstəliklərin müalicəsində tətbiq olunur.
Talassemiya, leykoz, aplastik anemiya, limfoma və çoxsaylı miyeloma
kimi xəstəlikləri buna nümunə göstərmək olar.
Transplantasiya adətən sümük iliyinin və hematopoetik sistemin
xəstəlik nəticəsində zədələndiyi və ya kök hüceyrələrin genetik
olaraq sağlam olmadığı hallarda mühüm müalicə üsuludur. Sümük
iliyindən və ya periferik qandan əldə edilən hematopoetik kök
hüceyrələrin transplantasiyası xəstə və ya genetik zədələnmiş
hüceyrələrin sağlam kök hüceyrələrlə əvəz olunmasına imkan verir.
Bu üsul bir sıra ağır qan xəstəlikləri zamanı həyat qurtaran
müalicə vasitəsi ola bilər.
– Sümük iliyindən başqa donorluğun hansı növləri var və onlar insan
həyatı nə üçün vacibdir?
– Qan, orqan və toxuma donorluğunun hər biri tibbi baxımdan
böyük əhəmiyyət daşıyır və bir çox hallarda insan həyatının xilas
edilməsinə imkan verir.
Qan donorluğu talassemiya və onkoloji xəstəliklərdən əziyyət çəkən
pasiyentlər, qəza nəticəsində ciddi qan itkisi yaşayan şəxslər,
eləcə də müxtəlif cərrahi əməliyyatlar keçirən xəstələr üçün
vacibdir.
Böyrək, ürək, ağciyər və qaraciyər kimi orqanların donorluğu orqan
çatışmazlığından əziyyət çəkən pasiyentlərin müalicəsində mühüm rol
oynayır. Buynuz qişa, sümük və dəri kimi toxumaların donorluğu isə
yanıqlar, xəsarətlər və digər xəstəliklər nəticəsində zədələnmiş
funksiyaların bərpasına kömək edə bilər.
– Sümük iliyi bağışlamaq donor üçün təhlükəlidirmi və bu prosedur
necə həyata keçirilir?
– Donorun sümük iliyi bağışladıqdan sonra sağlamlığına ciddi
zərər dəyəcəyinə dair cəmiyyətdə yanlış fikirlər mövcuddur. Məhz bu
kimi yanlış təsəvvürlər bəzi insanların donor olmaqdan çəkinməsinə
səbəb olur.
Sümük iliyi donorluğu donorun təhlükəsizliyi nəzərə alınmaqla
həyata keçirilir. Donorlar prosedurdan əvvəl və sonra xüsusi tibbi
müayinələrdən keçirilirlər. Sümük iliyi və ya periferik
hematopoetik kök hüceyrələrin toplanmasından əvvəl donorun ümumi
sağlamlıq vəziyyəti, qan göstəriciləri və digər tibbi parametrləri
ətraflı qiymətləndirilir.
Sümük iliyinin toplanması əməliyyat otağında, xüsusi iynələr
vasitəsilə qalça sümüyündən həyata keçirilir. Prosedur ümumi
anesteziya altında aparıldığı üçün donor əməliyyat zamanı ağrı hiss
etmir. Toplanan sümük iliyi isə qısa müddət ərzində bərpa
olunur.
Sümük iliyi donoru olmaq üçün yaşla bağlı meyarlar da nəzərə
alınır. Məsələn, Səhiyyə Nazirliyi Milli Hematologiya və
Transfuziologiya Mərkəzinin tətbiq etdiyi yanaşmaya əsasən, 2
yaşdan kiçik və 60 yaşdan yuxarı şəxslər sümük iliyi donoru kimi
uyğun hesab edilmir.
– Sümük iliyi donoru olmaq üçün əsas şərtlər və tələblər
hansılardır?
– Sümük iliyi donoru, bir qayda olaraq, sağlam və donorluğa
tibbi əks-göstərişi olmayan şəxs olmalıdır. Donorun uyğunluğu
yalnız yaş və ümumi sağlamlıq vəziyyəti ilə məhdudlaşmır.
Transplantasiyanın uğuru baxımından donorla pasiyent arasında
genetik uyğunluq, xüsusilə İnsan Leykosit Antigenləri – HLA
uyğunluğu mühüm əhəmiyyət daşıyır.
Uyğun donor müəyyən edilərkən donor və alıcının HLA göstəriciləri
xüsusi müayinələrlə müqayisə edilir. Uyğun donor aşkar edilsə belə,
onun sağlamlıq vəziyyəti hərtərəfli qiymətləndirilir və müəyyən
tibbi məhdudiyyətlər donorluğa mane ola bilər.
Bir sıra ölkələrdə xüsusilə gənc donorların seçilməsinə üstünlük
verilir. Bunun əsas səbəbi gənc donorların kök hüceyrələrinin
pasiyent üçün daha əlverişli və uzunmüddətli nəticələrlə
əlaqələndirilməsidir.
Sümük iliyi transplantasiyasında qan qrupunun uyğunluğu isə əsas
şərt deyil. Yəni A, B, AB və O qan qruplarının eyni olması mütləq
tələb olunmur. Əsas məsələlərdən biri HLA uyğunluğudur. Bundan
əlavə, alıcının qanında donor hüceyrələrinə qarşı əvvəlcədən mövcud
olan anticisimlərin olub-olmadığını müəyyən etmək üçün xüsusi
uyğunluq, o cümlədən çarpaz uyğunluq testləri aparıla bilər.