Bakı. Trend:
Liderlik keyfiyyətlərinin inkişafı şirkətlərin və dövlət qurumlarının, eləcə də ölkənin rəqabət qabiliyyətinin artırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Trend-in tədbirdəki müxbirinin məlumatına görə, bunu “PAŞA Holdinq”in baş icraçı direktoru Cəlal Qasımov ADA Universitetində Liderlik və İnnovasiya üzrə IE Mərkəzinin “AZEMBA” proqramının açılışında çıxışı zamanı deyib.
O bildirib ki, “IE University” ilə imzalanan müqavilə İqtisadiyyat Nazirliyi və Elm və Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirilən layihənin mühüm mərhələsidir.
“Cəmi bir neçə ay sonra biz artıq ilk tələbə qrupunu (kohortanı) qarşılayırıq. Düşünürəm ki, bu proqramın belə sürətlə həyata keçirilməsi bütün cəlb olunmuş tərəflərin öhdəliyindən və həvəsindən xəbər verir”, - deyə C.Qasımov qeyd edib.
Onun sözlərinə görə, proqramın əhəmiyyəti yalnız yeni akademik proqramın yaradılması ilə məhdudlaşmır.
“Biz biznesdə və dövlət siyasətində tez-tez infrastrukturdan, texnologiyadan və kapitaldan danışırıq. Bunların hər biri, şübhəsiz ki, vacibdir. Lakin onların heç biri təkbaşına dəyər yarada bilməz. Dəyər insanlar tərəfindən yaradılır – doğru biznes qərarları verən, komandaları arxasınca aparan və bu qərarları icra edən şirkətlər və təsisatlar quran insanlar tərəfindən”, - deyə o bildirib.
C.Qasımov rəhbər şəxslərin təhsilinin, xüsusilə də “Executive Education” proqramlarının əhəmiyyətini vurğulayıb.
“Məhz buna görə də rəhbər şəxslərin təhsili (Executive Education) xüsusilə böyük əhəmiyyət kəsb edir. Ələlxüsus da Azərbaycanın inkişafının yeni mərhələyə qədəm qoyduğu bir vaxtda. Liderlərimizin keyfiyyəti şirkətlərimizin və təsisatlarımızın, nəticədə isə ölkəmizin rəqabət qabiliyyətini müəyyən edir”, - deyə “PAŞA Holdinq”in baş icraçı direktoru bildirib.
O qeyd edib ki, “PAŞA Holdinq”də liderlik keyfiyyətlərinin inkişafı uzun müddətdir əsas prioritetlərdən biridir.
“Biz Azərbaycanda, Azərbaycan üçün və fəaliyyət göstərdiyimiz bütün ölkələr üçün güclü liderlər yetişdirmək istəyirik”, - deyə C.Qasımov vurğulayıb.
Onun sözlərinə görə, liderlik üçün nəzəri biliklərlə praktiki təcrübənin birləşdirilməsi vacibdir.
“Təcrübəmizdən bilirik ki, liderlik yalnız təlimlər vasitəsilə
formalaşmır. Liderlik biliyin təcrübə ilə birləşdiyi, ehtimalların
və fərziyyələrin sorğulandığı, cavabların aydın olmadığı çətin
situasiyalarda düzgün qərarların verilməsinin öyrənildiyi zaman
inkişaf edir. Bu proqram dəqiq belə bir mühit yaradır”, - deyə o
bildirib.
C.Qasımov əlavə edib ki, proqram “IE University”nin akademik
standartlarını və beynəlxalq təcrübəsini Azərbaycanın reallıqları,
praktiki təcrübəsi və biznes ictimaiyyətinin hədəfləri ilə
əlaqələndirir.
O, proqramın “PAŞA Holdinq”in 20 illik yubileyi ilində təsis edilməsinin xüsusi əhəmiyyət daşıdığını qeyd edib.
“Biz geridə qalan illərdə qurduğumuz bizneslərə, etdiyimiz investisiyalara və böyüməsinə kömək etdiyimiz insanlara qürurla baxa bilərik. Lakin növbəti 20 ilimiz bir təşkilat olaraq necə öyrənməyə davam edəcəyimizdən və yetişdirəcəyimiz liderlərin keyfiyyətindən asılı olacaqdır”, - deyə C.Qasımov bildirib.
Onun sözlərinə görə, “Executive MBA” proqramının əsas məqsədlərindən biri beynəlxalq təcrübə ilə Azərbaycan və regionun biznes təcrübəsi arasında əlaqələrin gücləndirilməsi olmalıdır.
“Ümid edirəm ki, “Executive MBA” proqramının bu xüsusi nəşri həqiqi, ikitərəfli bir körpüyə çevriləcəkdir. Bu proqram Madrid və dərs otaqlarından Bakıya bilik və beynəlxalq təcrübə gətirməklə yanaşı, həm də Azərbaycanın və regionumuzun təcrübə və ideyalarının daha geniş beynəlxalq müzakirələrin tərkib hissəsinə çevrilməsinə imkan yaratmalıdır”, - deyə o vurğulayıb.
C.Qasımov bildirib ki, Azərbaycanın qlobal bilik bazasına yalnız bilik qəbul edən tərəf kimi deyil, həm də öz töhfəsini verən ölkə kimi çıxış etməsi vacibdir.
“Biz özümüzü yalnız qlobal biliyin qəbul edəni kimi görməməliyik; artıq vaxt çatıb ki, biz də bu qlobal bilik bazasına öz töhfəmizi verək”, - deyə o qeyd edib.
O bildirib ki, proqrama göstərilən maraq bu istiqamətdə tələbatın yüksək olduğunu göstərir.
“Biz 850-dən çox müraciət qəbul etdik. Bu gün isə ilk kohortaya qoşulan 40 nəfər buradadır: 16 nəfər “PAŞA Holdinq” və onun çətir şirkətlərindən, 16 nəfər dövlət qurumları və əlaqədar bizneslərdən, 8 nəfər isə Azərbaycanın geniş biznes ictimaiyyətindəndir”, - deyə C.Qasımov bildirib.
Onun sözlərinə görə, iştirakçıların müxtəlif qurumları təmsil etməsi proqram çərçivəsində fərqli baxışların və təcrübələrin müzakirəsinə imkan yaradacaq.
“Digər şirkətlərdən olan həmkarlarınızla birlikdə siz müxtəlif qurumların problemlərə necə yanaşdığını, necə biznes qərarları verdiyini, çətinliklərlə necə mübarizə aparıb qələbə qazandığını və hətta hərdən necə uğursuzluğa düçar olduğunu müqayisə edə biləcəksiniz”, - deyə o bildirib.
C.Qasımov qeyd edib ki, proqramın əsas dəyəri iştirakçıların öz təcrübələrini açıq şəkildə bölüşməsi və müxtəlif yanaşmaları müqayisə etməsi ilə formalaşacaq.
“Əsas dəyər nəyin işlədiyini, nəyin işləmədiyini və hər bir təşkilatın adət etdiyi vərdişləri açıq şəkildə müzakirə etməkdən gələcəkdir. İlk qrupun üzvləri olaraq üzərinizdə böyük məsuliyyət var; çünki siz bu proqramın standartlarını müəyyən edəcək və sizdən sonra gələnlər üçün onun mədəniyyətini formalaşdıracaqsınız”, - deyə “PAŞA Holdinq”in baş icraçı direktoru vurğulayıb.
O, çıxışının sonunda proqram iştirakçılarına şirkətlərin inkişafında kapital və liderliyin rolunu nəzərə almağı tövsiyə edib.
“Bilirsiniz ki, şirkətlər qurularkən səhmdarlar kapital yatırır və bu kapital şirkətin ilk aktivlərini formalaşdırır. Şirkət bu aktivlərdən düzgün istifadə edərsə, böyüyür. Lakin müəyyən mərhələdə növbəti inkişaf pilləsi üçün yeni kapital, yeni investisiyalar, yeni insanlar və ya hətta yeni liderlik tələb olunur”, - deyə C.Qasımov bildirib.
Onun sözlərinə görə, yeni kapital və liderlik yalnız maliyyə
imkanlarının genişlənməsinə deyil, həm də şirkətlərin inkişafına
yeni perspektivlərin gətirilməsinə xidmət edir.
“Lakin həmin kapital və ya liderlik yalnız maliyyə genişlənməsi
gətirmir; onlar fərqli perspektiv təqdim edir, köhnə fərziyyələri
sorğulayır və şirkətin təkbaşına çatması mümkün olmayan yeni
imkanlar açır”, - deyə o əlavə edib.
Qeyd edək ki, İqtisadiyyat və Elm və Təhsil nazirliklərinin dəstəyi, PAŞA Holding, SOCAR və İspaniyanın IE Universitetinin tərəfdaşlığı ilə Liderlik və İnnovasiya üzrə IE Mərkəzinin “AZEMBA” proqramının açılışı olub. Proqram çərçivəsində iştirakçılar rəqəmsal transformasiya, süni intellekt, dayanıqlı inkişaf, innovasiya, liderlik və müasir idarəetmə kimi istiqamətlər üzrə beynəlxalq təcrübəyə əsaslanan təhsil alacaqlar.
