Bakı. Trend:
Sentyabrın 19-20-də Hörmüz boğazından ticarət gəmilərinin keçidi əvvəlki həftəsonu ilə müqayisədə üç dəfə azalıb.
Bu barədə “Reuters” "Kpler" analitik şirkətinin məlumatlarına istinadən xəbər verib.
Məlumata görə, ötən həftəsonu boğazdan cəmi 12 gəmi keçib. Sentyabrın 12-13-də isə Hörmüz boğazından tranzitlə 35 gəmi keçmişdi.
Qeyd edilir ki, ABŞ və İran arasında münaqişə başlamazdan əvvəl Hörmüz boğazından günə təxminən 125 gəmi keçirdi.
Xatırladaq ki, iyulun 8-də ABŞ Prezidenti Donald Tramp atəşkəsin pozulduğunu bəyan edərək İrana qarşı yeni zərbələrə göstəriş verib. Buna cavab olaraq İran ABŞ-nin Fars körfəzi regiondakı hərbi obyektlərini raket və pilotsuz uçuş aparatları ilə hədəfə alıb. Vaşinqton İranın danışıqlara qayıda biləcəyini istisna etməsə də, Hörmüz boğazının təhlükəsizliyi, nüvə proqramı və digər məsələlər ətrafındakı fikir ayrılıqları sülh prosesinin gələcəyini qeyri-müəyyən saxlayır. Hazırda Hörmüz boğazında ticarət gəmiçiliyi yenidən demək olar ki, iflic vəziyyətə gəlib.
