Bakı. Trend:
2023-cü il sentyabrın 19-20-si Azərbaycanın müasir tarixində mühüm dönüş nöqtələrindən biri kimi yadda qaldı. Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri cəmi bir sutkaya yaxın davam etdi və nəticədə bölgədə uzun illər mövcud olmuş separatçı silahlı strukturun fəaliyyəti dayandırıldı. 20 sentyabr isə sonradan Azərbaycanda Dövlət Suverenliyi Günü kimi təsis edildi.
Bunu Trend-ə açıqlamasında politoloq Azər Qarayev deyib.
"Bu hadisəyə aparan proses 2020-ci il Vətən müharibəsindən sonrakı dövrlə sıx bağlı idi. 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatdan sonra Azərbaycan ərazilərində Ermənistan silahlı qüvvələrinin qalıqlarının və qanunsuz silahlı dəstələrin mövcudluğu davam edirdi. Azərbaycan tərəfi həmin dövrdə bölgədə silah və hərbi texnikanın toplanmasını, mövqelərin möhkəmləndirilməsini və müxtəlif təxribatları dəfələrlə gündəmə gətirirdi. 2023-cü ilin sentyabrına qədər bu proses davam etmişdi.
Ermənistanın və qondarma rejimin qalıqlarının təxribatları səngimədi. Ermənistanın Baş naziri Nikol Paşinyan 2023-cü il sentyabrın 2-də qondarma “Dağlıq Qarabağın müstəqillik bəyannaməsi”nin ildönümü ilə əlaqədar təbrik müraciəti ünvanladı. Sentyabrın 9-da Azərbaycanın Qarabağ bölgəsində qondarma “prezident seçkiləri” keçirildi. Daha sonra Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda əvvəlcədən quraşdırılmış minanın partlaması nəticəsində polis əməkdaşları və mülki şəxslərlə yanaşı hərbi qulluqçular da həlak oldu və yaralandı. Həmin gün Qarabağ iqtisadi rayonunda genişmiqyaslı hərbi təxribatların qarşısının alınması məqsədilə lokal xarakterli antiterror tədbirlərinin başladığı elan edildi", - o bildirib.
Onun sözlərinə görə, bir gündən az davam edən antiterror əməliyyatı nəticəsində bölgədə qalan Ermənistan silahlı qüvvələri tam tərksilah edilərək Azərbaycan ərazisindən çıxarıldı, qondarma rejimin qalıqları isə onun ləğv olunduğunu elan etdi. Əməliyyatın bu qədər qısa müddətdə başa çatması Azərbaycan Ordusunun yüksək döyüş hazırlığının, peşəkarlığının və əvvəlki hərbi təcrübəsinin nəticəsi idi.
"19-20 sentyabr hadisələri 2020-ci ildə başa çatan 44 günlük müharibənin yaratdığı yeni reallığın son mərhələsi oldu. 2020-ci ildə Azərbaycan ərazi bütövlüyünün böyük hissəsini bərpa etmişdisə, 2023-cü ilin sentyabrında Qarabağ üzərində dövlət suverenliyini tam təmin etdi. 2024-cü ildə Prezident İlham Əliyevin sərəncamı ilə sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günü elan edildi.
Bu baxımdan 19-20 sentyabr 2023-cü il Azərbaycan tarixində qısa müddətdə baş verən böyük dəyişikliklərlə yadda qaldı. 23 saata yaxın davam edən hərbi əməliyyat üç onillikdən artıq davam edən separatizm mərhələsinin sonunu gətirdi. Azərbaycan Ordusunun əməliyyatı başa çatdırmasından sonra qarşıda artıq başqa vəzifələr dayanırdı: təhlükəsizliyin təmin olunması, minalardan təmizləmə, dağıdılmış yaşayış məntəqələrinin bərpası və keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına qayıdışının davam etdirilməsi.
Beləliklə, 19 sentyabrda başlayan hadisələr 20 sentyabrda yalnız hərbi əməliyyatın başa çatması ilə yekunlaşmadı. Bu tarix Qarabağda Azərbaycanın dövlət idarəçiliyinin bərpası və ölkənin bütün ərazisində suverenliyin təmin olunması ilə nəticələnən yeni mərhələnin başlanğıcı oldu", - o bildirib.
