Bakı. Trend:
Koreya Xalq Demokratik Respublikasının (KXDR) Baş Raketçilik İdarəsi ən yeni silahın sınaqlarını uğurla keçirib.
Bu barədə Koreyanın Mərkəzi Teleqraf Agentliyi (KCNA) məlumat yayıb.
Sınaqlar sentyabrın 20-də keçirilib və ölkə lideri Kim Çen In sınaqları müşahidə edib. “Bu, müdafiə sahəsində şübhəsiz ki, ən müasir texniki potensialın nümayişi və silahlı qüvvələrin nəzərəçarpacaq dərəcədə yenilənməsidir”, – KCNA onun sözlərindən sitat gətirib.
Agentliyin məlumatına görə, sınaqlar qonşu dövlətlərin təhlükəsizliyinə mənfi təsir göstərməyib. Yeni silah sisteminin növü və onun xüsusiyyətləri barədə məlumat açıqlanmayıb.
Kim Çen In qeyd edib ki, belə texnologiyaya malik olmaq ölkənin müharibəyə hazırlığı və silahlı qüvvələrin perspektiv inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Onun sözlərinə görə, KXDR-in rəqibləri “hərbi-texniki baxımdan belə yenilənmənin nə demək olduğunu daha yaxşı bilirlər”.
Ölkə lideri yeni sistemi “qarşısıalınmaz qüvvə” adlandırıb və onun meydana çıxmasının KXDR-in rəqibləri üçün “sağalmaz başağrısı” və “çox amansız, qaçılmaz, güclü zərbə” olacağını bildirib.
Kim Çen In həmçinin Baş Raketçilik İdarəsinə, ixtisaslaşmış elmi-tədqiqat institutlarına və yeni sistemin hazırlanmasında iştirak edən mütəxəssislərə təşəkkürünü bildirib.
