Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp öz yayım kanalını yaradıb.
Ağ Ev rəsmi olaraq yalnız ABŞ prezidentinə həsr olunmuş və sutka ərzində, həftənin yeddi günü yayımlanacaq “Trump TV” adlı YouTube kanalını istifadəyə verib. Kanal “ən yaxşı videoları, mühüm bəyanatları və qaçırılmaması vacib olan ən yaddaqalan anları” yayımlamağı vəd edir. Kanalın istifadəyə verilməsi Ağ Evin CNN, MS NOW və Politico jurnalistlərinin girişini qadağan etməsindən bir neçə gün sonraya təsadüf edib.
Forbes nəşrinin məlumatına görə, kanal iyulun 3-də prezidentin Raşmor dağına səfəri zamanı etdiyi çıxışla fəaliyyətə başlayıb, daha sonra isə onun 2025-ci ildə keçirilən andiçmə mərasimini yayımlayıb. Hazırda kanalın gündəlik xəbərləri canlı yayımlayıb-yaymayacağı məlum deyil.
Donald Tramp avqustun 18-də media ilə qarşıdurmasında növbəti addımı ataraq CNN və MS NOW (əvvəllər MSNBC), həmçinin onlayn media "Politico"nun Ağ Evə girişini "dərhal qüvvəyə minməklə" qadağan etdiyini açıqlayıb. Prezident özünün Truth Social sosial şəbəkəsində yayımladığı paylaşımda bu qərarla bağlı "sevimli Amerika Birləşmiş Ştatlarında xərçəng kimi yayılan saxta məlumatlara" qarşı mübarizə apardığını bildirib. "Bu, milli təhlükəsizliyimiz üçün təhdiddir və indi dayandırılmalıdır!", - deyə Tramp əlavə edib.
CNN, MS NOW və Politico media qurumları isə mətbuat azadlığının müdafiəsi məqsədilə Ağ Evə giriş imkanlarını bərpa etmək üçün məhkəməyə müraciət edəcəklərini açıqlayıblar. Üç media qurumu dərhal bütün media ictimaiyyətinin dəstəyini alıb. Qərar mühafizəkar yönümlü qəzetlər tərəfindən də tənqid olunub.
