Gəncəsər Manastırı Alban kilsə irsinin mühüm nümunəsidir - Alban-Udi Dini İcmasının sədri

Siyasət Xəbər 21 Sentyabr 2026 16:51 (UTC +04:00)
Gəncəsər Manastırı Alban kilsə irsinin mühüm nümunəsidir - Alban-Udi Dini İcmasının sədri
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Ağdərə. Trend:

Gəncəsər Manastırı Alban kilsə irsinin mühüm nümunəsidir.

Trend-in Qarabağ bürosunun məlumatına görə, bunu Alban-Udi Xristian Dini İcmasının üzvlərinin Ağdərə rayonunda yerləşən Gəncəsər Manastır Kompleksini ziyarəti zamanı jurnalistlərə açıqlamasında Alban-Udi Xristian Dini İcmasının sədri Robert Mobili deyib.

O bildirib ki, icma üzvləri Gəncəsərdə dualar oxuyub, şəhidlərin xatirəsini yad ediblər.

“Bu gün müqəddəs Məryəm Ananın Mövlud günüdür. Dünən Dövlət Suverenliyi Günü idi, bu gün isə Dünya Sülh Günüdür. Belə əlamətdar günlərdə Gəncəsər Manastır Kompleksini ziyarət etməyimiz bizim üçün xüsusi əhəmiyyət daşıyır”, - deyə R.Mobili bildirib.

Onun sözlərinə görə, Gəncəsər Manastır Kompleksi Qafqaz Albaniyasının xristian irsinin mühüm nümunələrindən biridir.

“Bu bizim Gəncəsərə ilk səfərimizdir. İşğaldan azad olunmuş ərazilərdə bir çox kilsələri ziyarət etmişik, dualar oxumuşuq, şamlar yandırmışıq. Gəncəsər Manastırı isə Qafqaz Albaniyasının mövcud olan Alban kilsə irsinin mühüm nümunəsidir”, - icma sədri qeyd edib.

R.Mobili Azərbaycandakı qədim xristian məbədlərinin Alban kilsəsinin irsi olduğunu bildirib.

“Bu gün Azərbaycanda mövcud olan qədim Alban kilsələrinin irsi müstəqil Apostol Alban Avtokefal Kilsəsinin irsidir. Bu, çox zəngin irsdir. Həmin kilsələrin erməni kilsəsi ilə bağlılığı yoxdur”, - deyə o vurğulayıb.

İcma sədri Qafqaz Albaniyasında xristianlığın dövlət dini kimi qəbul edilməsindən sonra bölgədə çoxsaylı kilsələrin inşa edildiyini bildirib.

Onun sözlərinə görə, Alban kilsəsinin fəaliyyətinin 1836-cı ildə dayandırılması və kilsənin erməni kilsəsinin tabeliyinə verilməsi Alban xristian irsinə ciddi təsir göstərib.

“1836-cı il 11 mart tarixli Sərəncam-Əsasnamə Alban kilsəsinin fəaliyyətinin sonunu gətirdi. Alban kilsəsinin mərkəzi Gəncəsərdə yerləşirdi. Bundan sonra Alban kilsəsinin irsi erməniləşdirildi. Alban icmasının bir hissəsi Gürcüstana getdi, o cümlədən udilər. Bir hissəsi isə İslamı qəbul etdi. Biz Qəbələdə yaşayan udilər isə öz doğma irsimizi qoruyub saxladıq”, - R.Mobili deyib.

O qeyd edib ki, Qarabağın işğaldan azad olunmasından sonra bölgədəki xristian məbədlərinə ziyarət imkanının yaranması Alban-Udi icması üçün mühüm hadisədir.

“Bu gün kilsələrin qapıları açılıb və orada ibadət edilir. Biz öz doğma kilsələrimizdə dua edə bilirik. Bu, Allah tərəfindən bizə verilmiş böyük nemətdir”, - deyə icma sədri bildirib.

R.Mobili Alban kilsəsinin təsir dairəsinin yalnız Azərbaycanın hazırkı ərazisi ilə məhdudlaşmadığını da vurğulayıb. O, Şərqi və Qərbi Zəngəzurda, o cümlədən Tatev Manastırı, eləcə də Dərbənd ərazisindəki qədim kilsələri Alban kilsəsinin tarixi irsi kimi təqdim edib.

İcma sədri Alban əlifbasının və Alban dilində dini mətnlərin mövcudluğuna da diqqət çəkib.

“Qafqaz Albaniyasının öz yazı mərkəzləri olub. Dini kitablar Alban dilinə tərcümə edilib. Bununla bağlı Sinaydakı Müqəddəs Yekaterina monastırında qorunan qədim mənbələr də mövcuddur”, - deyə R.Mobili bildirib.

O, Şəkinin Kiş kəndində yerləşən qədim məbədin də Alban xristian irsinin nümunəsi olduğunu qeyd edib.

R.Mobili həmçinin Azərbaycandakı xaç təsvirləri və digər dini simvolların Alban kilsəsinin irsi olduğunu qeyd edib.

“2010-cu ildə Cenevrədə keçirilən UNESCO tədbirində Azərbaycan ərazisindəki xaç elementləri və simvolların Alban kilsəsinə məxsus olması ilə bağlı mövqeyimizi bildirmişik”, - deyə o əlavə edib.

İcma sədri Azərbaycanın tolerantlıq mühitinin Alban-Udi icmasının dini irsini yaşatmasına imkan verdiyini vurğulayıb.

“Bizim üçün ən xoş məqamlardan biri odur ki, əhalisinin böyük əksəriyyəti müsəlman olan Azərbaycanda bizə böyük dəstək göstərilir. Azərbaycan xalqının tolerantlığı və ölkədəki mühit bizə imkan verir ki, öz doğma kilsələrimizi ziyarət edək. Bu bizim irsimizdir”, - R.Mobili deyib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti