Litva, Polşa və Latviya hava məkanında həyəcan elan edib

Dünya xəbərləri Xəbər 22 Sentyabr 2026 04:24 (UTC +04:00)
Vüsal Cəfərov
Vüsal Cəfərov
Bütün xəbərlər

Bakı. Trend:

Litva, Polşa və Latviya bazar ertəsi axşam hava məkanında gücləndirilmiş nəzarət rejimi tətbiq edib. Vilnüsdə pilotlar üçün yayımlanan NOTAM bildirişində “naməlum obyektlərin uçuşları ilə əlaqədar” hava limanı ərazisində uçuşların qadağan edildiyi bildirilib. Flightradar24-ün məlumatına görə, Litvanın paytaxtına uçan təyyarələrin istiqaməti dəyişdirilib.

Vilnüs hava limanı öz saytında yerləşdirdiyi rəsmi xəbərdarlıqda yerli vaxtla bazar ertəsi saat 23:45-dən çərşənbə axşamı saat 02:45-dək məhdudiyyətlərin tətbiq olunduğunu açıqlayıb. Hava limanına enişlər dayandırılıb, uçuşlara isə icazə verilib. Hava limanının məlumatına görə, buna səbəb “Belarusun Litvaya, mülki aviasiyaya və cəmiyyətə qarşı həyata keçirdiyi hibrid hücum” olub.

Polşada ordu qabaqlayıcı tədbir olaraq hərbi təyyarələri havaya qaldırıb. Saat 21:40 radələrində Polşa Silahlı Qüvvələrinin Operativ Komandanlığı X sosial şəbəkəsində Ukraynaya endirilən Rusiya zərbələri ilə əlaqədar hərbi aviasiyanın əməliyyatlara başladığını açıqlayıb. Hava hücumundan müdafiə sistemləri və radarlar “hazırlıq vəziyyətinə” gətirilib.

Ordu bildirib ki, “bu tədbirlər qabaqlayıcı xarakter daşıyır və hava məkanının təhlükəsizliyinin təmin edilməsinə, xüsusilə də təhlükə altında olan ərazilərə bitişik bölgələrin qorunmasına yönəlib”.

Əməliyyatlar saat 23:00-dan sonra “Polşa Respublikasının hava məkanının heç bir pozuntusunun qeydə alınmaması” ilə əlaqədar başa çatıb.

Latviya ordusu isə Belarus sərhədində yerləşən Kraslava bölgəsində potensial hava təhlükəsi qeydə alındığını bildirib. Bundan sonra NATO-nun Baltic Air Policing missiyasında iştirak edən qırıcılar havaya qaldırılıb.

Xəbər lenti

Xəbər lenti