Gəncəsər və digər kilsələrdə illərlə erməniləşdirmə prosesi gedib – Rizvan Hüseynov

Siyasət Rəy 21 Sentyabr 2026 20:41 (UTC +04:00)
Gəncəsər və digər kilsələrdə illərlə erməniləşdirmə prosesi gedib – Rizvan Hüseynov
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı.Trend:

Gəncəsər və digər kilsələrdə illərlə erməniləşdirmə prosesi gedib.

Bunu Trend-ə açıqlamasında tarixçi Rizvan Hüseynov deyib.

O qeyd edib ki, çar Rusiyası erməniləri bu regiona köçürəndən sonra onlar Alban kilsələrini xarabaxanaya çevirmişdi.

“Elə həmin Gəncəsər kilsəsi də pis vəziyyətdə idi. 20-ci əsrin əvvəlində guya restavrasiya adı ilə Gəncəsər və başqa kilsələrin fasadı, yazıları dəyişildi və bütün 20-ci əsr boyu dəfələrlə, əsasən Gəncəsər kilsəsinin üzərində erməniləşmə prosesi getdi.

O ki qaldı Qarabağda başqa alban kilsələrinə, həmin prosses orada da baş verdi və Ermənistan-Azərbaycan münaqişəsi, yəni 80-ci illərin sonundan başlayan müharibə dövründə, Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyi dövrdə yenə də bu kilsələr çox ağır vandalizm aktlarına məruz qaldı. Bu, Alban irsi, kilsələr ermənilərin Azərbaycan torpaqları üzərindəki iddialarında rol oynadı”, - deyə o vurğulayıb.

R.Hüseynov qeyd edib ki, indi Azərbaycan bu məsələni qabardıb ifşa edəndə, faktiki olaraq erməni millətçiliyi konsepsiyasının ürəyinə bir bıçaq sancılır.

“Ona görə nəinki xarici erməni diasporası və yaxud erməni kilsəsi, hətta özünü "sülhsevər" adlandıran Baş nazir Paşinyanın kabineti və dövlət qurumları də bu məsələdə anti-Azərbaycan mövqeyindən çıxış etdi. Bu bizə onu göstərir ki, erməni millətçiliyi heç də darmadağın olmayıb, heç yuxuya da getməyib və bu problem hələ ki öz aktuallığını itirməyib”, - deyə o əlavə edib.

"O ki qaldı müasir Ermənistan ərazisinə, orada da xeyli, heç erməni hay kilsəsinə aid olmayan məbədlər var. Sanahin məbədi, Hağpat məbədi, Qıpçaqhavank kəndində Qıpçaqhavank məbədi bunlara aiddir. Adından da bəllidir ki, bu etnik türk olan, dini isə erməni-qriqorian olan toplumlara və albanlara aid kilsələrdir. Sadəcə olaraq bu mövzu çox tədqiq olunmayıb, amma mütləq tövsiyə edərəm ki, Azərbaycan elmi dairələri bu mövzularla da məşğul olsun”, - deyə o bildirib.

Qeyd edək ki, Azərbaycan Alban-Udi xristian dini icması Ermənistan dairələrinin Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfərlərinə göstərdikləri revanşist münasibət ilə bağlı bəyanat yayıb.

"Hesab edirik ki, Ermənistan tərəfinin, o cümlədən hələ də müharibə təbliğatından əl çəkməyən erməni lobbi dairələrinin, eləcə də sülh gündəliyinə sadiq olduğunu iddia edən Ermənistanın Baş naziri Nikol Paşinyanın və digər yüksək vəzifəli rəsmi şəxslərin Gəncəsər və Xudavəng kimi tarixi Azərbaycan abidələrini erməni irsi kimi təqdim etməsi tarixi həqiqətləri inkar etmək və saxtalaşdırmaqla yanaşı, regionda formalaşmaqda olan kövrək sülh prosesinə də təhlükə yaradır. Diplomatik korpus nümayəndələrinin səfərinə qarşı Ermənistanda aparılan məqsədyönlü kampaniya bu ölkədəki siyasi və dini dairələrin sülh istəyində səmimi olmadığını, hələ də Azərbaycanın legitim hüquqlarına dözümsüz yanaşdığını göstərir", - deyə bəyanatda qeyd edilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti