Moskva.Trend:
Rusiyanın paytaxtı Moskvada Asiya və Sakit Okean Ölkələrinin İnformasiya Agentlikləri Təşkilatının (OANA) 65 illiyinə həsr olunmuş media forumu keçirilir.
Trend xəbər verir ki, forumda 20-dən çox ölkədən 60-dan artıq nümayəndə iştirak edir.
Azərbaycanı tədbirdə Trend Beynəlxalq İnformasiya Agentliyinin kommersiya direktoru Sənan Hüseynov və AZƏRTAC İdarə Heyətinin sədri, OANA-nın vitse-prezidenti Vüqar Əliyev təmsil edir. Qeyd edək ki, Azərbaycan təşkilatda iki informasiya agentliyi ilə təmsil olunan dörd ölkədən biridir. Digər ölkələrin hər birindən isə təşkilatda bir agentlik təmsil olunur.
Media forum OANA-nın “Tarix və inkişaf: Asiya-Sakit Okean regionunda 65 illik informasiya mübadiləsi” adlı fotosərgisinin açılışı ilə başlayıb.
Tədbir çərçivəsində “OANA: 65 illik təcrübə. Dayanıqlı media icmasının yaradılması, regionun informasiya məkanının gələcəyinin formalaşdırılmasında təşkilatın rolu” mövzusunda plenar iclas keçirilir.
Həmçinin dezinformasiyaya qarşı mübarizə, KİV-də süni intellektdən istifadə məsələləri, eləcə də informasiya məzmununun keyfiyyətinin qorunması strategiyasına həsr olunmuş üç panel sessiyası keçiriləcək.
Tədbirin yekununda "OANA Awards" müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçiriləcək.
Xatırladaq ki, sentyabrın 20-də Moskvada OANA İcraiyyə Şurasının və Texniki Komitəsinin 58-ci iclası öz işinə başlayıb.
İclas zamanı Vyetnam Xəbər Agentliyi (VNA) OANA İcraiyyə Şurasının 59-cu iclasını keçirəcəyini təsdiqləyib.
Dörd günlük iclas hazırda OANA-ya sədrlik edən Rusiyanın dövlət informasiya agentliyi TASS tərəfindən keçirilir. Görüş həmçinin təşkilatın 65 illiyinə həsr olunub.
Qeyd edək ki, OANA 1961-ci ildə YUNESKO-nun təşəbbüsü ilə dünyanın əhalisinin yarıdan çoxunun yaşadığı regionun informasiya agentlikləri arasında xəbərlərin birbaşa və sərbəst mübadiləsinə yardım göstərmək məqsədilə yaradılıb.
Hazırda OANA 35 ölkənin 41 informasiya agentliyini birləşdirir. İcraiyyə Şurasının tərkibinə 13 agentliyin nümayəndələri daxildir. OANA İcraiyyə Şurasının iclası hər il keçirilir. Əvvəlki görüş Çində baş tutub.
OANA İcraiyyə Şurasının 58-ci iclasında TASS, VNA və Malayziyanın milli informasiya agentliyi Bernama ilə yanaşı, digər beynəlxalq informasiya agentliklərinin, o cümlədən IRNA (İran), "Yonhap News Agency" (Cənubi Koreya), "Anadolu" (Türkiyə), "Xinhua" (Çin), WAM (BƏƏ), "Kyodo News" (Yaponiya), "Qatar News Agency" (Qətər), "Montsame" (Monqolustan) və ANTARA-nın (İndoneziya) nümayəndələri də iştirak edir.