Trampın iştirakı ilə Qrenlandiya üzrə sazişin imzalanacağı tarix açıqlanıb

Dünya xəbərləri Xəbər 22 Sentyabr 2026 00:03 (UTC +04:00)
Trampın iştirakı ilə Qrenlandiya üzrə sazişin imzalanacağı tarix açıqlanıb
Vüsal Cəfərov
Vüsal Cəfərov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Qrenlandiya üzrə razılaşmanın imzalanması sentyabrın 22-də Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində keçiriləcək. Bu barədə Ağ Evdəki mənbəyə istinadən Fox News telekanalı və Reuters agentliyi də daxil olmaqla bir sıra Qərb KİV-ləri məlumat yayıb.

“Prezident Tramp çərşənbə axşamı Nyu-Yorkda Danimarka və Qrenlandiya rəhbərliyi ilə Qrenlandiyanın təhlükəsizliyinin təmin edilməsinə dair sazişin imzalanması üzrə üçtərəfli mərasim keçirəcək”, – Reuters-in məlumatında bildirilir.

Fox News isə mərasimdə Danimarkanın və Qrenlandiyanın baş nazirləri Mette Frederiksen və Yens-Frederik Nilsenin də iştirak edəcəyini dəqiqləşdirib. “Üç lider Qrenlandiya və ABŞ-ın təhlükəsizliyini təmin edəcək yeni razılaşmalarına rəsmi status verəcəklər”, – telekanala Ağ Ev nümayəndəsi bildirib.

Daha əvvəl Tramp ABŞ və Danimarkanın Qrenlandiyanın təhlükəsizliyinin təmin edilməsinə nəzarətin Vaşinqtona verilməsi ilə bağlı razılığa gəldiklərini açıqlamışdı. O, həmçinin bildirib ki, ABŞ tərəfi Arktikadakı adada hərbi mövcudluğunu dərhal artırmağa başlayacaq.

Bundan əvvəl Qrenlandiyanın muxtar ərazi kimi daxil olduğu Danimarkanın hökumət başçısı Frederiksen ABŞ prezidentinin adaya nəzarəti ələ keçirmək niyyətini qəti şəkildə rədd edib. Tramp təhlükəsizliyin təmin edilməsi məqsədilə Qrenlandiyanın ABŞ-a birləşdirilməsinin zəruri olduğunu dəfələrlə bəyan edib. O, hələ ilk prezidentlik müddətində adanı satın almağı təklif etmiş, 2025-ci ilin martında isə Qrenlandiyanın ilhaq edilə biləcəyinə əminliyini ifadə etmiş və imtina ediləcəyi təqdirdə Kopenhageni ticarət tarifləri tətbiq etməklə hədələmişdi.

Üç tərəfin nümayəndələrinin iştirakı ilə Qrenlandiya üzrə işçi qrup yanvar ayında adanın xarici işlər naziri Vivian Motzfeldtin və Danimarkanın xarici işlər naziri Lökke Rasmussenin Vaşinqtona səfərindən sonra yaradılıb.

Xəbər lenti

Xəbər lenti