Bakı. Trend:
Avropa İttifaqı Fransa və Lüksemburqun tələbi ilə iki rusiyalı oliqarxa qarşı sanksiyaların ləğv edilməsi barədə prinsipial razılığa gəlib.
Çətin keçən danışıqlardan sonra Moskvaya qarşı digər tədbirlərin müddətinin uzadılmasına qərar verilib.
Məlumata görə, Aİ-nin 27 üzvü tərəfindən yekun təsdiqlənməli olan prinsipial razılaşma çərçivəsində təxminən 3 000 fiziki şəxs və quruma qarşı Avropa sanksiyaları qüvvədə saxlanılacaq. İstisna olaraq rusiyalı-özbəkistanlı oliqarx Əlişir Usmanov və rusiyalı iş adamı Mixail Fridmanın adları sanksiya siyahısından çıxarılacaq.
“Onların siyahıdan çıxarılması qəbuledilməzdir və təzyiqin artırılmalı olduğu bir vaxtda Moskvaya yanlış siqnal göndərəcək”, – deyə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa bu razılaşmanın rəsmi elanından əvvəl xəbərdarlıq edib.
Diplomatların sözlərinə görə, Aİ-nin bəzi Skandinaviya və Baltikyanı ölkələri, xüsusilə Latviya, bu şəxslərin siyahıdan çıxarılması tələbinə qəti şəkildə qarşı çıxıblar, lakin son anda bu qərarla razılaşmalı olublar.
Bir neçə avropalı diplomatın Brüsseldə bildirdiyinə görə, Fransa Kremlə yaxın rusiyalı-özbəkistanlı milyarder Əlişir Usmanovun sanksiya siyahısından çıxarılmasını tələb edib. Paris tərəfdaşları qarşısında əlavə açıqlama vermədən “milli təhlükəsizlik səbəbləri”nə istinad edib.
Parisdən diplomatik mənbə bildirib: “Bizim milli təhlükəsizliklə bağlı konkret məsələmiz var və cənab Usmanovla bağlı bizə müraciət edən beynəlxalq tərəfdaşlarımıza müsbət cavab vermək istəyirik”.
İkinci rusiyalı iş adamı Mixail Fridmanın adı da Lüksemburqun tələbi ilə sanksiya siyahısından çıxarılacaq. Lüksemburq bu qərarın Əlişir Usmanova da şamil ediləcəyi təqdirdə Fridmana münasibətdə də eyni addımın atılmasını tələb edib.
Ukrayna Prezidenti Volodimir Zelenski ötən həftə bu vəziyyətlə bağlı narahatlığını ifadə edərək bunun “sanksiyaları ləğv etmək”, “rusiyalı oliqarxları sanksiyalardan xilas etmək” və “Rusiyaya hədiyyələr vermək” üçün “qətiyyən uyğun vaxt olmadığını” bildirib.
Moskva əleyhinə bu sanksiyalar rejiminin hər altı aydan bir yenilənməsi tələb olunur. Diplomatik mənbənin sözlərinə görə, Aİ-nin 27 üzvü sanksiyaların qüvvədə olma müddətinin altı ay əvəzinə 36 aya qədər uzadılması barədə də razılığa gəlib.
Aİ-nin sanksiyaları aktivlərin dondurulmasını və Avropa İttifaqı ərazisinə səfər qadağasını nəzərdə tutur.
