Bakı. Trend:
Qazaxıstanın Milli Elektrik Şəbəkəsi Operatoru (KEGOC) və Böyük Britaniyanın Azərbaycan və Mərkəzi Asiya üzrə ticarət elçisi, Lordlar Palatasının üzvü Con Alderdeys “Xəzər yaşıl enerji dəhlizi” layihəsinin gələcək inkişafı üçün beynəlxalq təcrübənin cəlb edilməsi imkanlarını müzakirə ediblər.
KEGOC-un məlumatına görə, görüşdə Böyük Britaniyanın Qazaxıstandakı səfiri Salli Aksuorsinin rəhbərlik etdiyi səfirlik nümayəndə heyəti də iştirak edib.
KEGOC İdarə Heyətinin sədr müavini Bakıtxan Jazyqabayev layihənin hazırlanmasının gedişi, onun texniki konsepsiyası və işin növbəti mərhələləri barədə məlumat verib.
“Görüş zamanı tərəflər layihənin həyata keçirilməsi ilə bağlı aktual məsələləri, həmçinin onun gələcək inkişafı üçün beynəlxalq təcrübə və səriştələrin cəlb edilməsi imkanlarını müzakirə ediblər. Öz növbəsində, Britaniya nümayəndə heyəti enerji sistemləriarası əlaqələr və təmiz enerji sahəsində öz səriştələrini və investisiya potensialını təqdim edib”, - deyə KEGOC-un məlumatında bildirilib.
“Xəzər yaşıl enerji dəhlizi” Xəzər dənizi vasitəsilə “yaşıl” elektrik enerjisinin ötürülməsi və daha sonra Avropa istiqamətinə çıxarılması üçün infrastrukturun yaradılmasını nəzərdə tutur.
Layihə çərçivəsində Aktau və Bakıda çevirici yarımstansiyaların tikintisi, Xəzər dənizinin dibi ilə təxminən 350–400 kilometr uzunluğunda sabit cərəyan kabel xəttinin çəkilməsi, həmçinin iştirakçı ölkələrin milli elektrik şəbəkələrinin gücləndirilməsi nəzərdən keçirilir.
Layihənin hazırlanması və həyata keçirilməsi üçün Qazaxıstan, Azərbaycan və Özbəkistan üç ölkənin sistem operatorlarının bərabər iştirak payı ilə Green Corridor Alliance birgə müəssisəsini yaradıblar.
Hazırda layihənin ilkin texniki-iqtisadi əsaslandırılmasının hazırlanması üzrə işlər aparılır. İşləri İtaliyanın CESI şirkəti həyata keçirir. Tədqiqatın nəticələrinə əsasən əsas texniki həllər, layihənin ilkin dəyəri və onun gələcək icrasının parametrləri müəyyən ediləcək.
