Bakı. Trend:
Bakıda marketdə qadını döyən şəxs inzibati qaydada həbs olunub.
Trend-in məlumatına görə, paytaxtın Nəsimi rayonunda yerləşən marketlərdən birində qadının döyülməsi ilə bağlı araşdırma aparılıb. Polis əməkdaşları tərəfindən əməli törətməkdə şübhəli bilinən Səfərov soyadlı şəxs saxlanılıb. O, inzibati qaydada həbs olunub.
Qeyd edək ki, hadisə ilə bağlı görüntüləri “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova sosial şəbəkə hesabında paylaşıb.
M. Zeynalova üç uşaq anasının həyat yoldaşı tərəfindən marketdə, insanların və ən kiçik övladının gözləri qarşısında döyüldüyünü bildirib. Onun sözlərinə görə, hadisənin şahidi olan uşaqda autizm spektr pozuntusu var.
Birlik sədri qadının illərdir həyat yoldaşının zorakılığına məruz qaldığını bildirib, onun və üç övladının təhlükəsizliyinin təmin olunması üçün aidiyyəti qurumlara müraciət edib.
