Bakı. Trend:
Formula 1 üzrə Azərbaycan Qran-Prisinin keçirilməsi ilə əlaqədar Bakı Şəhər Halqasının əhatə etdiyi prospekt və küçələrdə nəqliyyatın hərəkətinin 2026-cı il 22-27 sentyabr tarixlərində məhdudlaşdırılacağını nəzərə alaraq, 5 ümumi təhsil müəssisələrində tədris distant (məsafədən) formada təşkil ediləcək.
Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) məlumat yayıb.
Qeyd edilib ki, Tofiq İsmayılov adına 6 nömrəli lisey, Kərim Kərimov adına 8 nömrəli tam orta ümumtəhsil məktəbi, Tahir Həsənov adına 23 nömrəli tam orta ümumtəhsil məktəbi, 132-134 nömrəli lisey və İlyas Əfəndiyev adına Elitar gimnaziyada 2026-cı il 22-26 sentyabr tarixlərində tədris distant (məsafədən) formada təşkil ediləcək.
Xatırladaq ki, Formula 1" Azərbaycan Qran-Prisi zamanı yarışla əlaqədar müəyyən ərazilərdə nəqliyyat məhdudiyyətləri də tətbiq olunacaq.
Belə ki, ilk məhdudiyyət 19 sentyabr saat 21:00-dan etibarən qüvvəyə minəcək. Puşkin küçəsinin Üzeyir Hacıbəyli küçəsi və Neftçilər prospekti ilə kəsişməsindən olan hissəsində tətbiq ediləcək. Məhdudiyyət tədbirin sonunadək davam edəcək.
Nəqliyyatın İdarəetmə Planına əsasən, Bakı Şəhər Halqasının keçdiyi küçələr və trekin əhatə etdiyi ərazilər 20 sentyabr saat 01:00-dan 28 sentyabr saat 08:00-dək nəqliyyatın hərəkəti üçün bağlı olacaq. Məhdudiyyət tətbiq olunan zonalara giriş-çıxış yalnız “Yaşayış Yerinə Giriş İcazəsi” ilə mümkün olacaq.
