Bakı. Trend:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyun 2016-cı il tarixli 231 nömrəli Qərarı ilə təsdiq edilmiş “Baytarlıq, fitosanitar və sanitariya nəzarətinə aid malların Vahid Siyahısı”na uyğun olaraq sanitariya nəzarətinə aid edilən qeyri-ərzaq məhsulları üçün gigiyenik sertifikatlaşdırma həyata keçirilir. Bu proses məhsulların təhlükəsizliyinin qiymətləndirilməsi və insan sağlamlığının qorunması baxımından mühüm əhəmiyyət daşıyır.
Bu fikirləri “Sağlam radio”nun (93 FM) “Sağlam səhər” efirində Səhiyyə Nazirliyi Respublika Sanitariya-Karantin Mərkəzinin Sanitariya-Gigiyena nəzarəti və ekspertiza şöbəsinin həkim-gigiyenisti Orxan İsmayılov açıqlayıb.
Onun sözlərinə görə, Səhiyyə Nazirliyi Respublika Sanitariya-Karantin Mərkəzi tərəfindən verilən gigiyenik sertifikat məhsulların sanitariya-gigiyenik norma və tələblərə uyğunluğunu, həmçinin insan sağlamlığı üçün təhlükəsiz olduğunu təsdiq edən rəsmi sənəddir.
“Bu sənəd məhsulun müəyyən laborator və sənəd yoxlamalarından keçdiyini göstərir. Gigiyenik sertifikatın əsas məqsədi insan sağlamlığının qorunması, qanuni satışın və idxal prosesinin təmin edilməsi, eləcə də məhsullar üzərində keyfiyyətə nəzarətin həyata keçirilməsidir. Gigiyenik sertifikat bir il müddətinə verilir. Lakin məhsulun saxlanma şəraitinə və daşınma qaydalarına ciddi riayət olunmalıdır. Məhsulun saxlanma şəraiti düzgün olmadıqda və ya daşınma qaydaları pozulduqda avtomatik olaraq gigiyenik sertifikat öz qüvvəsini itirir”.
Həkim-gigiyenist qeyd edib ki, əgər gigiyenik sertifikatın müddəti bitibsə, sahibkar yeni sənəd toplusu və məhsul nümunələri ilə Səhiyyə Nazirliyi Respublika Sanitariya-Karantin Mərkəzinə yenidən müraciət etməli və gigiyenik sertifikatını yeniləməlidir.
