...

Azərbaycanda daha bir kəndin adı dəyişdiriləcək

Siyasət Materials 18 Aprel 2008 13:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 aprel/ Trend , müxbir İ.Əlizadə/ Azərbaycan Parlamentinin Regional məsələlər daimi komissiyası Bərdə rayonunun Canavarlı kəndinin adının dəyişdirilməsinə razılıq verib. "Kənd sakinləri, icra nümayəndəliyi, bələdiyyə və Bərdə rayon İcra Hakimiyyəti kəndin adının dəyişdirilməsi və Seyid Yusifli adlandırılması ilə bağlı Milli Məclisə müraciət edib", - deyə Azərbaycan Parlamentinin Regional məsələlər daimi komissiyasının cümə günü keçirilən iclasında deputat Tahir Rzayev bildirib.

Komissiyanın iclasında Bərdə rayonunun Canavarlı kəndinin adının dəyişdirilərək Seyid Yusifli adlandırılması ilə bağlı qanun layihəsi müzakirə olunub.

Bərdə Azərbaycanın cənub-qərb bölgəsində, paytaxt Bakıdan 340 km. məsafədə yerləşir.

Rzayev bildirib ki, Canavarlı adının kəndə necə verildiyi məlum deyil.

"Seyid Yusif bu kənddə yaşayıb və xeyirxah bir insan olub. Ona görə də sakinlər kəndə Seyid Yusifin adının verilməsini istəyirlər", - deyə deputat əlavə edib.

Komissiya Canavarlı kəndinin adının dəyişdirilməsi və Seyid Yusifli adlandırılmasına razılıq verib və məsələnin Milli Məclisdə müzakirəyə çıxarılması tövsiyə olunub.

Komissiya Qobustan rayonunun Mərəzə qəsəbəsinin adının dəyişdirilməsi və Qobustan qəsəbəsi adlandırılması haqda qərar qəbul edib. Bundan başqa, Qobustanın Nərimankənd kəndi əhali yaşamadığına görə ləğv olunacaq və ərazisi Qobustan qəsəbəsinə birləşdiriləcək.

Komissiya Xızı rayonunun Xızı qəsəbəsinə şəhər statusu verilməsi haqqında da qərar qəbul edib.

Bu məsələlərin Parlamentdə müzakirəyə çıxarılması tövsiyə olunub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti