...

Dövlət Neft Fondu "Cənub Qaz Dəhlizi" QSC-nin borc kağızlarını alacaq

Energetika Materials 1 May 2014 13:33 (UTC +04:00)
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) tərəfindən "Cənub Qaz Dəhlizi" QSC-nin 917 320 800 dollar məbləğində təmin edilməmiş, faizli, adlı, sənədsiz istiqrazlarının emissiya prospekti qeydə alınıb.
Dövlət Neft Fondu "Cənub Qaz Dəhlizi" QSC-nin borc kağızlarını alacaq

Azərbaycan, Bakı, 1 may /Trend, müxbir E.İsmayılov/

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) tərəfindən "Cənub Qaz Dəhlizi" QSC-nin 917 320 800 dollar məbləğində təmin edilməmiş, faizli, adlı, sənədsiz istiqrazlarının emissiya prospekti qeydə alınıb. Bu barədə Trend Bakı Fond Birjasına istinadən məlumat verir.

Emissiya çərçivəsində hər birinin nominal dəyəri 100 manat olan 9 173 208 istiqraz buraxılıb. Qiymətli kağızların tədavül müddəti 6 aylıq Libor +1% gəlirliliklə 10 il, faizlərin ödəniş müddəti isə hər yarım ildə bir dəfədir.

Emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə Bakı Fond Birjası vasitəsilə keçiriləcək.

Yerləşdirmənin anderrayteri qismində "PSG-Broker" MMC çıxış edir.

Qeyd edək ki, fevralın 25-də Azərbaycan Prezidenti İlham Əliyev "Şahdəniz" qaz-kondensat yatağının istismarının ikinci mərhələsi və Cənub Qaz Dəhlizinin yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında sərəncam imzalayıb.

Dövlət başçısı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Şahdəniz" qaz-kondensat yatağının istismarının ikinci mərhələsi, Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsi, Trans-Anadolu boru kəməri və Trans-Adriatik boru kəməri layihələrində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin iştirak payı və digər maliyyə öhdəliklərinin dövlət vəsaiti hesabına maliyyələşdirilməsi barədə Azərbaycan Prezidentinin 2013-cü il 29 oktyabr tarixli 15 nömrəli sərəncamı ilə yaradılmış Dövlət Komissiyasının təklifini nəzərə alaraq qərara alıb ki, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti nizamnamə kapitalı 100 milyon ABŞ dolları təşkil edən və səhmlərinin 51 faizi dövlət mülkiyyətində, 49 faizi isə ARDNŞ-yə məxsus olan qapalı səhmdar cəmiyyətini təsis etməklə həmin layihələrin səmərəli idarə olunmasını və layihələrdəki iştirak paylarının Cəmiyyətə keçməsini təmin etsin.

Azərbaycan Respublikasının Dövlət Neft Fondu Cəmiyyətin birbaşa dövlət mülkiyyətində olan səhmlərinin maliyyələşdirilməsini və Cəmiyyətə layihələr üzrə bu sərəncama əsasən keçən iştirak paylarının maliyyələşdirilməsi üçün tələb olunan vəsaitin, geri qaytarılmaq şərti ilə Cəmiyyətə uzunmüddətli investisiya edilməsini təmin etməlidir. Cəmiyyətin birbaşa dövlət mülkiyyətində olan səhmlərinin sahibliyi və idarə edilməsi İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən həyata keçirilir və həmin səhmlər üzrə dividendlər Azərbaycan Respublikasının Dövlət Neft Fonduna köçürülür.

Bu sərəncama əsasən Cəmiyyətə investisiya edilən vəsait tam geri qaytarılanadək Cəmiyyətin bütün layihələrdən əldə etdiyi gəlir Azərbaycan Respublikasının Dövlət Neft Fonduna köçürülür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti